Preloader
Elm xəbərləri

Süni intellekt bizi axmaqlaşdıra bilərmi?

  • May 06, 2026

Süni intellekt bizi axmaqlaşdıra bilərmi?

Tədqiqatçı və alim Nataliya Kosmina təcrübəçi axtararkən aldığı ərizə məktublarının şübhəli dərəcədə oxşar olduğunu gördü. Onlar giriş hissəsindən sonra adətən işlərini abstrakt və təsadüfi anlayışlarla əlaqələndirən uzun, diqqətlə hazırlanmış mətnlər idi. Aydın idi ki, müraciət edənlərin məktubları böyük dil modelləri (LLM) vasitəsilə yaradılmışdı; bu, ChatGPT, Google Gemini Claude kimi çatbotları işlədən süni intellekt formasıdır.

Massaçusets Texnologiya İnstitutu (MIT) insan və kompüterlərin qarşılıqlı əlaqəsi üzrə dərs deyən Kosmina bir neçə il əvvəllə müqayisədə tələbələrinin kurs materialını daha asan unudduğunu müşahidə etdi. Böyük dil modellərinə artan asılılıq fonunda o, bunun tələbələrinin koqnitiv qabiliyyətlərinə təsir edə biləcəyindən şübhələndi və vəziyyəti anlamağa çalışdı.

Kosmina kimi tədqiqatçılar qorxurlar ki, biz süni intellektə çox güvəndikdə, bu, istifadə etdiyimiz dilə və hətta əsas koqnitiv tapşırıqları yerinə yetirmək bacarığımıza da təsir göstərə bilər. Getdikcə daha çox tədqiqat göstərir ki, "koqnitiv yükü süni intellektə həvalə etmək" zehni qabiliyyətlərimizə mənfi təsir göstərə bilər. Bunun nəticələri narahatedici ola bilər və hətta koqnitiv geriləməyə səbəb ola bilər. Hamıya məlumdur ki, istifadə etdiyimiz alətlər düşüncə tərzimizi dəyişə bilər. Məsələn, internetin meydana çıxması ilə bir vaxtlar dərin araşdırma tələb edən tapşırıqları indi, sadəcə, axtarış qutusuna sorğu yazmaqla yerinə yetirmək olar. Axtarış sistemlərindən istifadə artdıqca tədqiqatlar göstərib ki, detalları xatırlama qabiliyyətimiz zəifləyib. Bu fenomen "Google effekti" adlandırılıb. Lakin bəziləri iddia edir ki, internet eyni zamanda xarici yaddaş sistemi kimi çıxış edir və beynimizi digər tapşırıqları yerinə yetirmək üçün azad edir. Lakin düşüncə proseslərimizin getdikcə daha böyük hissəsini süni intellekt alətlərinə və digər süni intellekt formalarına həvalə etdikcə, yaddaşımıza və problem həll etmə bacarıqlarımıza təsirin daha da pisləşəcəyi barədə narahatlıq artır.

 

Nataliya Kosmina

 

Süni intellekt alətləri inandırıcı şeirlər yaza, maliyyə məsləhətləri verə və hətta yoldaşlıq edə bilər. Tələbələr də getdikcə daha çox öz işlərini süni intellekt alətlərinə həvalə edirlər. Tədqiqatlar artıq göstərir ki, xüsusilə gənclər arasında süni intellektin istifadəsi tənqidi düşüncə kimi əsas koqnitiv bacarıqlara mənfi təsir göstərə bilər. Lakin Kosmina potensial təsirləri daha dərindən araşdırmaq istədi.

 

Azaldılmış zehni səylər


Kosmyina, MIT Media Lab-dakı həmkarları ilə birlikdə 54 tələbəyə qısa esse yazmaq tapşırığı verdi və iştirakçıları üç qrupa ayırdı. Bir qrupa ChatGPT-dən istifadə etmələri tapşırıldı. İkinci qrupa süni intellekt xülasəsi funksiyası söndürülmüş Google axtarış sistemindən istifadəyə icazə verildi. Üçüncü qrup isə heç bir texnologiyadan istifadə etmədi. Esse üzərində işləyərkən hər bir tələbənin beyin dalğaları ölçüldü. Esse mövzuları qəsdən açıq-uclu seçilmişdi, yəni çox az tədqiqat tələb edirdi. Sadiqlik, xoşbəxtlik və gündəlik həyatda etdiyimiz seçimlər daxil olmaqla müxtəlif mövzular əhatə olunmuşdu. Nəticələr hələ elmi jurnalda dərc olunmayıb, lakin Kosminaya görə, onlar son dərəcə diqqətçəkən idi. O deyir ki, "yalnız öz ağlından istifadə edənlərin beyinləri 'alovlanıb', beyin bölgələrinin çoxunda geniş fəaliyyət müşahidə edilib".

Yalnız axtarış motorundan istifadə edən qrupda hələ də beynin vizual hissələrində güclü fəaliyyət müşahidə olunsa da, ChatGPT-dən istifadə edən qrupda beyin fəaliyyəti 55 faizədək azalıb.

Kosmina deyir: "Beyin yatmayıb, amma yaradıcılıq və məlumat emalı ilə əlaqəli sahələrdə fəaliyyət xeyli az idi."

ChatGPT həmçinin insanların yaddaşına təsir edib.

Süni intellekt qrupunun üzvləri məqalələrini təqdim etdikdən sonra bu mətindən sitat gətirə bilməyiblər. Digər tədqiqatlar da göstərir ki, insanlar ChatGPT kimi AI alətlərindən istifadə etdikdə məlumatı yadda saxlamaq və xatırlamaq qabiliyyətləri azalır.

Pensilvaniya Universitetinin tədqiqatçıları tərəfindən aparılan bir araşdırma göstərdi ki, bəzi insanlar süni intellekt çatbotlarından istifadə edərkən "koqnitiv təslim olma" adlandırdıqları bir vəziyyəti yaşayırlar. Bu o deməkdir ki, onlar süni intellektin dediklərini çox az yoxlama ilə qəbul etməyə meyllidirlər və hətta ona öz intuisiyalarını üstələməyə imkan verirlər. Oxşar təsirlər həyati təhlükə yaradan vəziyyətlərdə də müşahidə edilə bilər. Beynəlxalq tədqiqat qrupunun apardığı son tədqiqatda məlum olub ki, üç ay ərzində bağırsaq xərçənginin aşkar edilməsi üçün süni intellektdən istifadə edən mütəxəssislər sonradan bu alət olmadan şişləri aşkar etməkdə daha az uğurlu olublar.

Kosmina deyir ki, "tapşırıqları süni intellektə vermək orijinal əsərlərin yaradılmasında iştirak edən yaradıcılığın əhəmiyyətli hissəsinin itirilməsi riskini daşıyır". O qeyd edir ki, tədqiqatında ChatGPT-dən istifadə edən tələbələrin yazdıqları esselər bir-birinə çox bənzəyirdi və müəllimlər tərəfindən "ruhdan məhrum", orijinallıqdan və dərinlikdən məhrum kimi təsvir olunub.

Belə tədqiqatlar LLM-lərin beyində qısa müddətli təsirlərini göstərsə də, onların uzunmüddətli təsirləri barədə çox az şey məlumdur. Kosmina və onun həmkarlarının tədqiqatı bəzi ipucları verir. İlk tədqiqatdan dörd ay sonra tələbələrdən başqa bir esse yazmaları istəndi, lakin bu dəfə əvvəllər ChatGPT-dən istifadə edənlərə LLM dəstəyi olmadan işləmələri tapşırıldı. Onların beyinlərindəki neyron əlaqələri ilk tədqiqatda əksini edən tələbələrinkindən zəif idi. Bu, onların esse mövzularına başlanğıcdan düzgün yanaşmadıqlarını göstərə bilər.

 

Koqnitiv geriləmə


Bununla belə, "Robot Proof" kitabının müəllifi, nevroloq Vivien Minqə görə, süni intellektə əsaslanan maşınlar (LLM-lər) düşüncəyə dəstək vermək üçün müsbət vasitə ola bilər. Lakin bu, zehni tapşırıqlarımızı onlara həvalə etməklə onlardan asılı olmadığımız halda mümkündür. Lakin Minq narahatdır ki, əksər insanlar bu texnologiya ilə bu cür ünsiyyət qurmur. Onun narahatlığı kitabı üçün apardığı tədqiqatdan qaynaqlanır.

Minq Berklidəki Universitetin tələbələrindən neft qiymətlərini proqnozlaşdırmağı xahiş edib. O müşahidə edib ki, əksər iştirakçılar sadəcə süni intellektə sual verib və cavabı kopyalayıblar. O, beyin koqnitiv emalının göstəricisi olan qamma dalğa aktivliyini ölçdü və çox az aktivlik müşahidə etdi. Onun tədqiqatı hələ dərc olunmayıb, lakin Minq narahatdır ki, əgər tapıntıları sonrakı tədqiqatlarda təsdiqlənərsə, bu, uzunmüddətli nəticələrə səbəb ola bilər. Məsələn, bəzi tədqiqatlarda aşağı qamma dalğa fəaliyyəti sonrakı həyatda koqnitiv geriləmə ilə əlaqələndirilib.

Minq deyir: "Bu, həqiqətən narahatedicidir. Əgər bu, insanların bu sistemlərlə qarşılıqlı əlaqə qurmasının təbii yoludursa, bu, pis bir şeydir. Dərin düşüncə bizim supergücümüzdür. Əgər ondan istifadə etməsək, koqnitiv sağlamlığa uzunmüddətli təsirləri olduqca əhəmiyyətli olacaq."

Minq əlavə edir ki, LLM-lərə güvənmək çox az zehni səylə başa gəlsə də, beyin sağlamlığını qorumaq üçün zehni səy göstərməliyik. Lakin iştirakçıların az bir hissəsi — 10 faizdən azı — fərqli yanaşma seçdi və süni intellektdən məlumat toplamaq aləti kimi istifadə etdi, sonra isə həmin məlumatları özləri təhlil etdilər. Bu şəxslər digər iştirakçılardan daha dəqiq proqnozlar verib və daha yüksək beyin fəaliyyəti nümayiş etdiriblər. Təxminən 20 il əvvəl Minq proqnoz vermişdi ki, 20–30 il ərzində Google Xəritələrə həddindən artıq güvənməyimiz birbaşa şəkildə demensiya hallarının artması ilə nəticələnəcək.

Minq deyir: "Mən bunu bir az provokativ şəkildə ifadə etdim. Əgər naviqasiya haqqında düşünməyə ehtiyacınız yoxdursa, bu, şübhəsiz ki, nəzərə çarpan təsir göstərəcək."

Bu proqnozu dəstəkləmək üçün kifayət qədər məlumatımız olmasa da, 13 nəfər arasında üç il ərzində aparılan bir tədqiqat GPS istifadəsinin artmasının məkan yaddaşının tədricən pisləşməsi ilə əlaqəli olduğunu göstərib. Başqa bir tədqiqata görə, zəif məkan naviqasiyası altsheymer xəstəliyinin potensial göstəricisi ola bilər. Aydındır ki, beynimiz nə qədər aktiv olarsa, koqnitiv geriləməyə qarşı bir o qədər yaxşı qorunur.

Minqin sözlərinə görə, xəritələrdən uzunmüddətli istifadə təkcə yaradıcılığı azaltmır, həm də koqnitiv funksiyaları poza və demensiya riskini artıra bilər.

AI alətlərinin istifadəsi artdıqca, onların zərər yox, fayda gətirməsini təmin edəcək şəkildə onlarla işləməliyik. Minq hesab edir ki, son məqsəd insanlar və maşınların "çətin tapşırıqlar" üzərində birlikdə çalışdığı bir növ "hibrid intellekt" ola bilər. Bununla o, AI-yə sadəcə sual verib cavablarını qəbul etmək yox, özü düşünmək və tənqidi yanaşma tətbiq etmək deməkdir.

Kosmina da bu fikirlə razılaşır və əvvəlcə süni intellekt alətlərindən istifadə etmədən mövzuları öyrənərək baza yaratmağı, sonra isə onlardan necə istifadə etməyi düşünməyi təklif edir. O, həmçinin,0 öz düşüncənizi sınağa çəkmək üçün "adversarial prompts" adlandırdığı metodu istifadə etməyi tövsiyə edir. Bu üsul süni intellektdən rəqib kimi davranmasını tələb etməklə işləyir, ideyalarınızın niyə səhv olduğunu və onları necə düzəldə biləcəyinizi ətraflı izah etməsini tələb edir. Bu, süni intellektin cavablarını sadəcə qəbul etmək əvəzinə arqumentlərinizi müdafiə etməyə və inkişaf etdirməyə imkan verir. O

Nəticədə, hamımız koqnitiv qısa yollardan çəkinməliyik, çünki Kosmina deyir: "Beyinimiz bunu sevir. Lakin uzunmüddətli perspektivdə beyin sağlamlığı naminə özümüzü sınamağa davam etməliyik. Bu, həm ağlımız, həm yaradıcılığımız, həm də koqnitiv sağlamlığımız üçün faydalıdır".

 

 

BBC News

Paylaş: