Ontoloji arqumentə qısa baxış
- 223 dəfə baxılıb
Bu, müsəlman filosofların “Allahın varlığının isbatı” mövzusunda istinad etdikləri ən önəmli arqumentdir. Onu ilk dəfə tanınmış müsəlman filosofu İbn Sina irəli sürmüşdür. Daha sonra bu arqument bəzi filosoflar tərəfindən fərqli formalarda izah olunsa da, məzmun etibarilə hamısı eynidir. Arqumentə ilk olaraq varlığın real olduğu fikrinin qəbul edilməsi ilə başlanılır. Həm öz varlığımız, həm də ətrafımızda gördüyümüz hər şey realdır, həqiqətdir, yuxu və ya illüziya deyil. Bu həqiqəti inkar etmək heç bir şəkildə mümkün deyil, çünki gördüklərimizin və duyduqlarımızın hamısının yuxu olduğunu söyləsək, onların həqiqət olduqlarını inkar etsək belə, sonda yenə də eyni nəticəyə varırıq, yəni əgər bütün bunlar yuxudursa, o zaman “yuxu” adlanan fenomen gerçəkdir. Yuxu gerçəkdirsə, deməli, onu görən biri var. Onu görən biri varsa, deməli, görənin də varlığı gerçəkdir. Gördüyünüz kimi, varlığın real olduğunu nə qədər inkar etməyə çalışsaq da, sonda yenə də onun gerçək olduğunu qəbul etmək məcburiyyətində qalırıq.
Deməli, varlıq gerçək və həqiqətdir. Bunun real olduğunu etiraf etməkdən savayı başqa çıxış yolumuz yoxdur, əks təqdirdə səfsətəyə yol vermiş olarıq. Hansı bəhanəni gətirsək, hansı etirazı etsək, sonda bir yerdə mütləq “varlıq” adlı dalana dirənəcəyik. Bundan qaçış yoxdur!
Növbəti mərhələdə “varlıq” anlayışının üzərində dayanırıq. Bütün fikir və diqqətimizi yalnız “varlıq” məfhumuna yönəldirik. Gəlin varlıq barədə analiz aparaq və onun həqiqətinə varmağa çalışaq: “varlıq nədir, hansı növləri var?” suallarına cavab axtaraq.
Fəlsəfədə varlığın məntiqi tərifi yoxdur. Varlıq – dərki aksiom olan bir həqiqətdir; hamı onu dərk edir və heç kim onun barəsində şübhə etmir. Lakin varlığın növlərinə gəldikdə, bu mövzu artıq fəlsəfi izaha ehtiyac duyur. Varlıq iki haldan xaric deyil:
Birinci versiyaya görə, bütün varlıqlar “mümkün varlıq”lardır, yəni var olan hər şey mahiyyət etibarilə var ola da bilərdi, olmaya da bilərdi. “Var olmaq” həmin nəsnələr üçün öz varlıqlarından qaynaqlanan zərurət deyil. Başqa sözlə desək, varlıq onların əsl həqiqətləri deyil. Deməli, “mümkün varlıq” dedikdə, bu xassələrə sahib olan varlıqlar nəzərdə tutulur. Bu versiya fəlsəfi cəhətdən qəbuledilməzdir, çünki bu xassələri özündə daşıyan varlıq heç vaxt təkbaşına yarana bilməz və mövcud ola bilmək üçün mütləq səbəbə ehtiyac duyar. Niyəsi də verilən izahdan aydın olur. Var olması ilə yox olması eyni dərəcədə mümkün olan həmin varlıq özbaşına, arada heç bir vasitə olmadan necə yarana bilər?
Kimsə deyə bilər ki, düzdür, bu varlıqların hamısı var ola bilmək üçün səbəbə ehtiyac duyur, lakin mümkün varlıqların arasında baş verən yaranış prosesinin sonsuzadək davam etdiyini fərz etsək, bu hal bu versiya üçün məntiqli bir izah hesab oluna bilər və nəticədə yaranışı hansısa metafizik bir varlıqla əlaqələndirməyə də lüzum qalmaz.
Lakin qeyd olunan bu izah qənaətbəxş deyil. “Sonsuz silsilə” problemi fəlsəfədə məqbul sayılmır. Bu problemin nəyə görə yanlış və əsassız olduğunu bir cümlə ilə belə izah etmək olar: əgər səbəblər zənciri sonsuzadək uzanırsa, onda gördüyümüz nəticələr necə, nə zaman və hansı formada meydana gəliblər? Fərzə görə, səbəblər sonsuzadək uzanır, dayanmır, bitmir və nəhayəti, sonu yoxdur. Əvvələ, başlanğıca doğru nə qədər getsək də, bitmir, sonlanmır. Bəs bu nəticələr necə yaranıblar? İkinci versiyaya gəldikdə, burada varlıqlar “zəruri” və “mümkün” olmaqla iki qismə ayrılır. Bütün “mümkün” varlıqlar hər şeyin başlanğıcı və ilk səbəbi olan “zəruri” varlıq tərəfindən yaradılıblar. “Mümkün” varlıqdan fərqli olaraq, “zəruri” varlığın mövcudluğu hansısa kənar gücün müdaxiləsindən asılı deyil, çünki onun varlığı əzəli, əbədi və zəruridir, heç vaxt yox olmaq təhlükəsi ilə üzləşmir. Bu kontekstdə artıq “sonsuz silsilə” problemi də öz mahiyyətini itirir, çünki yaradılış prosesi sonda bir nöqtədə dayanır.
Sizə tövsiyə edilənlər
Ontoloji arqumentə qısa baxış
Kosmoloji arqumentə qısa baxış
Elm Allahın varlığını inkar ed...