Ontoloji arqumentə qısa baxış
- 224 dəfə baxılıb
Ateistlər arasında ən çox müzakirə mövzusu olan məsələlərdən biri də vəhyin rasionallığı məsələsidir. Yəni vəhy alma prosesi nə qədər rasionaldır və bunun həqiqətən vəhy olmasına necə əmin ola bilərik? Bu yazımızda bu məsələyə toxunaraq vəhyin həqiqətən nə qədər rasional olmasını müzakirə edəcəyik.
Ümumilikdə Quranın ərsəyə gəlməsində sadəcə 3 ehtimal mövcuddur:
1. Peyğəmbər bu kitabı özü yazıb (yaxud kiminsə köməkliyi ilə) və yalandan vəhy olduğunu deyib.
2. Peyğəmbərin psixoloji problemləri olub və gördüyü şeylərin həqiqətən vəhy olduğuna inanıb.
3. Peyğəmbər həqiqətən də Allah tərəfindən vəhy alıb.
Bu yazımızda 3 əsas nüansı (keçmişdən xəbər vermək, gələcək haqqında proqnoz və elmi bilgilər) göstərərək bu 3 ehtimalın hamısına nəzər yetirib həqiqəti tapmağa çalışacağıq.
1. Bir yazının vəhy olmasına əmin olmağın metodları və Saqanın əjdahası
Karl Saqanın vəhyi şübhə altına salmaq üçün ortaya atdığı arqumentlərdən biri də “Qarajımdakı əjdaha” arqumentidir.[1] Bu arqumentdə Saqan qeyd edir ki, əgər mən sizə qarajımda bir əjdaha olduğunu və onu məndən başqa heç kimin görmədiyini desəm, o halda onun orada olmadığını kim isbat edə bilər? Yəni Saqan qeyd edir ki, Tanrı fikri də eynən belədir, bir peyğəmbər onunla danışdığını və ondan başqa heç kimin danışmadığını qeyd edir, bu halda bu bilgi yalan da ola bilər. Bu arqumenti Saqan həmçinin yoxluğun sübutunun olmamasına dair də gətirir, lakin bu haqda böyük bir məqalə yazdığımız üçün bu yazını bu haqda yazaraq uzatmaq istəmirik. Bu arqumenti elə vəhyin isbatı üçün ələ alaq.
Bir nəfər bizə “Qarajımda əjdaha var və onu məndən başqa heç kim görmür” desə, həqiqətən də, Saqanın dediyi kimi onun düz ya yalan danışdığını müəyyən edə bilmərik? Açığı mən bu fikrə qatılmıram. Mən düşünürəm ki, belə bir iddia irəli sürən adamın yalan yaxud doğru danışdığını müəyyən etmək olar, lakin bir şərtlə. Şərt budur ki, o əjdaha haqqında bizə müəyyən məlumatlar versin, çünki vəhy məsələsi Saqanın iddiasından fərqli olaraq Allahın bizə nələrsə dediyini iddia edir. Ümumilikdə biz “qarajımda əjdaha var” deyən insanın iddiasının yalan yaxud doğru olduğunu yalan detekdoru və yaxud psixoloji, nevroloji müayinələrlə müəyyən edə bilərik. Lakin burada yenə də bir sual ortaya çıxır. Əgər bu adam yalan danışmırsa, yaxud çox peşəkar yalançıdırsa və yalan detekdoru onun doğru danışdığını müəyyən edirsə, həmçinin psixoloji və nevroloji müayinələr də bizim bilmədiyimiz bir şeyi müəyyən də bilmirsə, o halda bu adam doğru danışır? Yox! Yenə də bu adamın iddiası tamamilə havada qalır. Ona görə də iddianın doğruluğunu müəyyən etmək üçün mütləq formada müddəinin iddiasına baxmaq lazımdır. Müddəi haqqında danışdığı qeyri-adi varlıq barəsində nə deyir? Qeyri-adi varlıq iddianı edən şəxsə nələr haqqında danışıb? Məsələyə bu cür baxsaq, yalan yaxud doğru danışdığını dərhal anlaya bilərik. Saqanın iddiası bu baxımdan xətalıdır. Çünki, Tanrı haqqında fikir irəli sürən şəxslər bunun haqqında ciddi bilgilər irəli sürərkən, Saqanın qəhrəmanı heç bir məlumat vermir.
2. Keçmişdən xəbərlər
Dediyimiz kimi, bir insan belə böyük bir iddia irəli sürürsə, onun dediklərinə baxmaq lazımdır. Əgər onun dedikləri iddiası qədər böyükdürsə, insan ağlının çata bilmədiyi şeylərdən danışırsa, o halda vəhy iddiası bizim üçün həqiqətə çevrilir. Əvvəla keçmiş haqqında gələn xəbərlərə baxaq.
Biz müsəlman olduğumuz üçün, təbii ki, son peyğəmbərin, hz. Muhəmmədin iddialarını ələ alacağıq. Yəni, onun “bu, Allah sözüdür” dediyi Quranın mətninə baxacağıq.
2.a. Misirli memar Haman.
Qurani-Kərimdə Misirli bir memardan bəhs edilir. Firon Haman adlı memara tikinti tikməsini tapşırır.[2] Çox qəribədir ki, Quranda Misir fironlarının, başqa hökmdarların adı keçmədiyi halda, bir memarın bir başa adı keçir. Əslində bu da insanı çox düşündürən bir məsələdir. Məsələn, hansısa fironun, yaxud fironun çox yaxın adamlarının adı keçə bilərdi, lakin keçmir. Daha qəribəsi isə budur ki, məhz Haman adı 18-ci əsrdə alman misirşünas Herman Ranke tərəfindən tapılır. Sanki Allah bu adı qeyd etməklə, məhz tapılacaq olan ada yer verir. Herman Ranke öz Misir lüğətində məhz Haman adına yer verib və bu adın qarşısında qeyd edib: “Vorsteher der Steinbruch arbeiter”, yəni “Daş ustalarının başçısı”.[3] Yəni, bu ad tarixə hələ 18-ci ərsdə məlum olduğu halda, 7-ci əsrdə Quranda vəzifəsinə qədər dəqiqliklə qeyd edilib. İndi biz başda qeyd etdiyimiz 3 məsələyə nəzər salsaq, hansı daha doğru olar? Əvvəla, bir psixoloji problemi olan insan hansısa tarixi şəxs haqqında bu qədər dəqiq məlumat verə bilməz. İkincisi, peyğəmbər bunu özü yazsaydı, ya təsadüfən atmalıydı bu adı, ya da bu ad o dövrdə bilinməliydi. Heç kim Misirdəki bir şəxsin adını və vəzifəsini bu qədər dəqiq fotmada ata bilməz. Bu mümkün deyil. Bu adın həmin dövrdə bilinməsi də mümkün deyil. Əgər bu ad həmin dövrdə bilinsəydi, o halda Tövratda da belə qeyd edilməliydi. Halbuki, bu ad Tövratda Fars kralı Ahaşveroşun vəziri olaraq keçir.[4] Geriyə qalan ən rasional variant məhz vəhy məsələsidir.
2.b. Köhnə və yeni krallıq dövrü.
Çox qəribə formada Quranda Misir hökmdarlarına iki formada xitab olunur. Hz. Yusiflə bağlı olan bütün qissələrdə Misir hökmdarına “Məlik”, yəni kral, hökmdar, hz. Musayla bağlı olan bütün ayələrdə isə “Firon” deyilir. Bu xitablar fərqli fərqli yerlərdə keçsə də, bir dəfə də olsun xəta edilməmişdir. Maraqlıdır ki, bu da 18-ci əsrdə tapılan bir məsələdir. 18-ci əsrdə Rozetta daşı tapılandan sonra Misir heroqlifləri oxunmağa başlandı və məlum oldu ki, Misir krallığı iki yerə bölünür: Köhnə krallıq və yeni krallıq. Həmçinin məlum oldu ki, köhnə krallıq dövründə hökmdarlara “kral”, “məlik” deyildiyi halda, yeni krallıq dövründə “firon” deyə xitab olunur.[5] Bunu peyğəmbər bu qədər dəqiqliklə necə bilə bilərdi? Psixoloji problem məsələsinə baxmağa belə dəyməz. Quranı özü yazmış olsaydı da, hz. Yusif və hz. Musa haqqında olan qissələri Tövratdan götürməli idi. Tövratda isə “məlik” və “firon” ayırımı yoxdur, hamısına “firon” deyə xitab olunur. Hz. Muhəmməd belə incə məsələni necə düzəldə bilərdi? Bunun həqiqətən vəhy almasından başqa izahı yoxdur.
Sadəcə iki xəbərlə gördük ki, peyğəmbər vəhy iddiasını etməklə heç də sadəcə iddia ilə kifayətlənmir, həm də bu iddianı möhkəmləndirəcək xəbərlər verir ki, bu xəbərlərin o dövrdə hansısa insan tərəfindən bilinməsi mümkün deyil.
3. Gələcək haqqında verilən xəbərlər.
Peyğəmbər vəhy iddiasıyla birlikdə insanlara elə xəbərlər verirdi ki, bunu kiminsə bilməsi mümkün deyildi. Bu xəbərlər keçmişlə bağlı olduğu kimi, həm də gələcəklə bağlıdır. Peyğəmbərin gələcəklə bağlı 4 xəbəri vardır ki, əgər Quranı özü yazsaydı, belə iddialar irəli sürməklə bütün mübarizəsini şübhə altına atmazdı. Əgər bu xəbərlərdən biri həyata keçməsəydi, peyğəmbərin vəhy alması düşüncəsi tamamilə puç olacaqdı. Gəlin bu 4 xəbərə baxaq.
3.a. Əbu Ləhəbin imansız öləcəyi xəbəri.
Peyğəmbərin Quranda gələcəkdən xəbər verdiyi ilk məsələ Əbu Ləhəbin imansız öləcəyilə bağlıdır. Bu iddia o qədər təhlükəli bir iddia idi ki, bunu ən böyük düşməni sadəcə bir cümlə ilə puç edə bilərdi və vəhy alma məsələsi tamamilə yalanlanardı. Quranın Məsəd surəsinin 3-cü ayəsində deyilir: “Əbu Ləhəb əzablı bir alova daxil olacaq”. Bu ayə o deməkdir ki, Əbu Ləhəb iman gətirməyəcək və müşrik kimi öləcək. Çünki Zumər surəsinin 53-cü ayəsində deyilir: “Ey özlərinə qarşı həddi aşan bəndələrim, Allahın mərhəmətindən ümidinizi kəsməyin! Şübhəsiz, Allah bütün günahları bağışlayar. Həqiqətən, O, bağışlayandır, rəhmlidir”. Bu ayəyə görə tövbə edən kəsin günahları bağışlanır. Deməli “Əbu Ləhəb cəhənnəmdə yanacaq” deyilirsə, mütləq formada tövbə edə bilməyəcək. İndi gəlin o dövrə nəzər edək. Peyğəmbərin Əbu Ləhəbdən daha böyük düşmənləri var idimi? Var idi. Məsələn, Əbu Süfyan o dövrdə dəfələrlə müşrik ordularına başçılıq etmiş, Xalid ibn Vəlid isə peyğəmbərin tək məğubiyyətinin səbəbi idi. Ühüddə peyğəmbər ordusunu məğlub edən ordunun komandiri məhz Xalid idi. Əgər peyğəmbər Quranı özündən yazmış olsaydı, Əbu Ləhəbdən daha böyük düşməni olan Əbu Süfyanın, yaxud Xalidin adını qeyd edərdi, ya da Əbu Ləhəblə birlikdə onları da cəhənnəmlə müşdələyrdi. Fərz edək ki, peyğəmbər Əbu Ləhəbin yox Əbu Sufyanın, yaxud Xalidin adını yazardı və onları cəhənnəmlə müjdələyərdi. O halda necə olacaqdı? Məkkə fəth olundu, Xalid ibn Vəlid də, Əbu Sufyan da iman gətirdiyini dedi. Peyğəmbər nə etdi? Allahın əmrinə tabe olaraq onları müsəlman kateqoriyasına daxil etdi və bağışladı. Əgər peyğəmbər Quranı özü yazsaydı, belə xətaya da yol verə bilərdi və rahatlıqla vəhy yalan sayılardı. Lakin Quranda cəhənnəmə gedəcəyi öncədən deyilən tək insan Əbu Ləhəbdir və iman gətirmədən ölən tək-tük müşriklərdən biri də o idi. Yəni, bu qədər riskli bir iddia özünü çox asanlıqla doğrultdu. Halbuki, Əbu Ləhəb sadəcə “mən iman gətirdim” desəydi, heç kim peyğəmbərə inanmayacaqdı daha.
3.b. Məkkənin fəthi
Quranın Fəth surəsinin 27-ci ayəsində deyilir: “Şübhəsiz ki, Allah Peyğəmbərinin röyasını həqiqətə çevirdi. Siz inşallah əmin-amanlıq içində, başlarınızı qırxdırmış və ya saçınızı qısaltmış bir halda qorxmadan Məscidi-harama daxil olacaqsınız. Allah sizin bilmədiklərinizi bilir. O, bundan əvvəl də sizə yaxın bir zəfər bəxş etmişdi”.
Bu ayədə açıq aşkar gələcək haqqında çox ciddi bir xəbər mövcuddur. Yəni ayədə müsəlmanların Məkkəni fəth edəcəyi açıq-aşkar müjdələnir. Bu çox təhlükəli bir xəbərdir və bu xəbər özünü doğrultmasaydı, vəhy iddiası tamamilə çökəcəkdi. Özü də bu ayə peyğəmbər ordusunun Hudeybiyədən qayıtdığ zaman, yəni Məkkəyə daxil ola bilmədiyi zaman nazil olur. Peyğəmbər Quranı özü yazsaydı, heç bir zaman belə riskli bir fikri Allahın adından yazmazdı. Çünki bu fəth baş tutmasaydı, bu gün heç kim hz. Muhəmmədi peyğəmbər kimi tanımırdı.
3.c. Peyğəmbərin nəslinin davamı.
Peyğəmbərin üç oğlu olmuş və hamısı erkən yaşlarda dünyadan köçmüşdülər. Buna görə müşriklər peyğəmbəri ələ salır, “sənin oğlun yoxdur, sonsuzsan” deyirdilər. Belə bir zamanda peyğəmbər Kövsər surəsinin nazil olmasından xəbər verir. Surə 3 ayədən ibarətdir və deyilir: “Biz sənə Kövsəri verdik. Ona görə də Rəbbin üçün namaz qıl və qurban kəs! Şübhəsiz ki, sənə sonsuz deyənin özü sonsuzdur”.
Ayədə gələcəklə bağlı çox təhlükəli bir xəbər ki, sadəcə bir hadisə hər şeyi məhv edə bilərdi. Kövsər peyğəmbərin qızı xanım Fatimənin ləğəbidir. Ayədə deyilir ki, peyğəmbər sonsuz deyil və onun soyu xanım Fatiməylə davam edəcək. Əgər Quranı peyğəmbər özü yazsaydı, belə riskli bir xəbəri ora yerləşdirməzdi. Hər hansı bir xəstəlik səbəbindən, yaxud hansısa bədbəxt hadisəyə görə xanım Fatimə dünyadan köçsəydi, vəhyin həqiqiliyi bütünlüyü ilə şübhə altına düşəcəkdi. Çünki hər şeyi bilən Allahın sözü həyata keçməyəcəkdi. Lakin çox qəribədir ki, xanım Zəhra yaşadı və peyğəmbər soyu onun vasitəsilə yayıldı. Elə bir həddə yayıldı ki, hazırda dünyadakı ən böyük nəsil məhz xanım Fatimədən davam edən peyğəmbər nəslidir, yəni seyyidlər.
3.d. Bizansın qalib gəlməsi
Quranın gələcəklə bağlı ən dəqiq və möhtəşəm xəbəri məhz Bizansın Sasani imperiyası üzərində qələbə qazanacağı xəbəridir. İslami qaynaqlara görə 616-618-ci illər arasında nasil olan Rum surəsində deyilir: “Rumlular ən yaxın (yaxud ən aşağı) yerdə məğlub oldular. Lakin 3-9 il arası qalib gələcəklər”. Bu ayə nazil olduğu zamanda Bizans imperiyası Sasanilər tərəfindən darmadağın edilmişdi və Bizanslılar Konstantinopola (İstanbula) çəkilib mühasirə vəziyyətində qalmışdılar. Vəziyyət elə bir hala gəlmişdi ki, Bizans imperatoru I İrakli hətta İstanbuldan qaçmağı belə planlaşdırmışdı. Oqüst Beyli yazır: “I İranzu 619-cu ildə İstanbulu tərk edib qaçmaq qərarı almışdı. Xəzinələrini gəmiyə yükləmiş, özü də gəmiyə minməyə hazırlanırdı. Patrik Sergius gəlib ona fikrindən daşınmaq üçün yalvarır. İmperator getsəydi, xalq İstanbulun ölümə tərk edildiyini düşünəcəkdi. Sergius İranzunu fikrindən daşındırmağı bacarır”.[6] Beylinin də yazdıqlarından görürük ki, həmin dövrdə Bizansın vəziyyəti olduqca pis idi və imperiya süqutun bir addımlığında idi. Belə bir dövrdə peyğəmbərin bu qədər zəif ehtimalı dilə gətirməsi mümkün deyil. Bir insan nə qədər yalan danışırsa danışsın, öz mübarizəsini bu qədər heçə sayacaq risklərə əl atmaz. Həmin dövrdə peyğəmbərin Bizansın qalib gələcəyini fərz etməsi heç bir ağıla uyğun gəlmir. Belə bir iddianı ancaq məcbur formada deyə bilərdi ki, bu da Quranın həqiqətən Allahdan vəhy olduğunu göstərir. Ən maraqlısı da budur ki, Həmin ayənin nazil olmasından bir neçə il sonra qeyri adi formada Bizans qalib gəlməyə başlayır və süqutun astanasından qayıdaraq, öz varlığını uzun müddət davam etdirir. Bu zaman ortaya sual çıxır: Əgər İstanbul ələ keçirilsəydi və tarixdə Bizans adlı imperiyanın varlığı bitsəydi, o halda bu gün İslam deyə bir din qalacaqdımı?
Gələcək haqqında peyğəmbərin 4 böyük xəbəri -hansı ki, yalan çıxması halında bütün mübarizə bitəcəkdi- tamamilə özünü doğruldur. Buradan vəhyin həqiqət olmasıyla bağlı 2 nəticə çıxarırıq:
1. Peyğəmbər Quranı vəhylə yox, öz ağlından yazsaydı, heç bir zaman belə riskli xəbərlərə yer verməzdi.
2. Peyğəmbər Quranı özü yazsaydı, gələcəklə bağlı bütün proqnozları gerçəkləşə bilməzdi.
NƏTİCƏ: Quranda gələcəklə bağlı bütün xəbərlər hər şeyi bilən Allahdan gələn xəbərlərdir.
Qısa qeyd: Bu iddiaya irad olaraq bildirilə bilər ki, bu xəbərlər Qurana sonradan əlavə edilib. Buna çox qısa cavab verək.
1. Peyğəmbər bu ayələri özü sonradan əlavə etsəydi, insanlar ona dəli kimi baxardılar və ciddiyə almazdılar. Təsəvvür edin Məkkə fəth olunub və peyğəmbər çıxıb deyir ki, “Rəsulun yuxusu həqiqətə çevriləcək və siz Məkkəyə əmin amanlıqla girəcəksiniz”. Hamı deyərdi ki, “onsuz da fəth olundu da, sən nədən danışırsan?”. Yaxud Bizans qalib gələndən sonra peyğəmbər “Bizans 3-9 il arasında qalib gələcək” desəydi, hamı ona ələ salardı ki, “onsuz da qalib gəlib, sən nə danışırsan?”.
2. Peyğəmbərdən sonra bu ayələr Qurana əlavə edilsəydi, yenə də ciddi qarışıqlıq yaranardı.
2.a. Quranı əzbər bilər yüzlərlə şəxs var idi və Qurana edilən əlavələr olsaydı, səhabələr arasında ciddi fikir ayrılığı olardı ki, “biz bu ayəni peyğəmbər eşitməmişik”. Lakin belə bir şey heç bir zaman olmayıb.
2.b. Quranın üslubunda ciddi fərqliliklər olardı və Quranın surələri fərqli müəlliflər tərəfindən yazılıbmış kimi görünərdi. Lakin biz belə bir şeyi də müşahidə etmirik.
4. Elmi xəbərlər
Yuxarıda qeyd etdiyimiz keçmiş və gələcək haqqında olan xəbərlər əslində Quranın Allah sözü olmasını və vəhyin həqiqət olmasını isbat edir. Lakin bu yazıya əlavə olaraq bir elmi məsələni də əlavə edək ki, vəhy məsələsini tamamilə isbata yetirsin.
4.a. Danışan qarışqalar
Qurani-Kərimin Nəml surəsində hz. Süleymanın ordusuyla səfərindən bəhs edilir. Surənin 18-ci ayəsində deyilir: “Nəhayət, onlar qarışqa vadisinə gəldikdə bir qarışqa belə dedi: `Ey qarışqalar, yuvalarınıza girin ki, Süleyman və ordusu fərqinə varmadan sizi əzməsinlər!`” Bu ayə uzun müddət Quranda ciddi xəta kimi göstərildi və ələ salındı. Çünki bir müddət öncəyə qədər elm adamları düşünürdülər ki, qarışqalar öz aralarında feromonlarla[7] ünsiyyət qururlar. Lakin bu fikir 2009-cu ilində tamamilə alt-üst oldu.
2009-cu ildə Oksford universitetinin professoru ekoloq Ceremi Tomasın rəhbərliyi altında qarışqalar üzərində bir test keçirildi. Belə ki, mikro ölçülü səsyazma cihazları qarışqaların yuvalarına yerləşdirildi və müşahidə edildi. Müşahidə zamanı görüldü ki, kraliça qarışqa çıxardığı səslərlə digər qarışqaları açıq-aşkar idarə edir. Yəni, qarışqaların nə etməsini, necə etməsini təyin edən kraliça qarışqanın dedikləridir. Sonradan səsyazma cihazları ilə qeyd olunan səslər cihazlardan səsləndirildiyi zaman, qarışqalar yenə də eyni reaksiyaları verirlər.[8] Bu açıq aşkar göstərir ki, qarışqalar öz aralarında danışırlar və bir kraliça qarışqa onları idarə edir. Sadəcə insan qulağının eşitdiyi səslər 20-20 000 hz aralığındadır. Qarışqaların danışıq səsləri 20 hz-dən aşağı olduğu üçün, normal şərtlər altında onu eşidə bilmirik. Hətta bu mövzu haqqında dünyanın aparıcı elm platformalarından biri olan “science,org” platforması Quran ibarəsilə eyni başlıqlı xəbər də paylaşıb: “Shhh, the ants are talking”, yəni “Sakit durun, qarışqalar danışırlar”.[9]
NƏTİCƏ: İstər keçmiş haqda, istər gələcək haqda, istərsə də digər canlılar haqqında heç kimin bilmədiyi xəbərləri verməsindən görürük ki, Quranın ərsəyə gəlməsinin tək səbəbi ancaq vəhy ola bilər. Əks halda adi bir insan həm bu qədər bilgini belə dəqiq bilməz, həm də bilinməyən məsələləri ortaya ataraq özünü riskə atmaz.
[1] Carl Sagan, Karanlık bir dünyada bilimin mum işığında, Tubitak, 1999, s. 169-191
[2] Quran, 28: 38
[3] Hermann Ranke cites a book by Walter Wreszinski (Aegyptische Inschriften aus dem K.K. Hof Museum in Wien: 1906, J C Hinrichs' sche Buchhandlung, Leipzig) where hmn is mentioned on I34, pp. 130
[4] Tövrat, Əstər: 9
[5] Hieratic Papyrus from Kahun and Gurob, F. LL. Griffith, 38, 17.
[6] Auguste Bailly, Bizans Tarihi, Tercüman 1001 eser, c.1, s.121-122
[7] Heyvanların ifraz etdiyi xüsusi maddələrdir.
[8] Jeremy A Thomas - Queen Ants Make Distinctive Sounds That Are Mimicked by a Butterfly Social Parasite (məqalə)
[9] https://www.science.org/con.../article/shhh-ants-are-talking
Hələ heç bir rəy yoxdur. İlk rəyi siz yazın!
Sizə tövsiyə edilənlər
Ontoloji arqumentə qısa baxış
Kosmoloji arqumentə qısa baxış
Elm Allahın varlığını inkar ed...