Preloader

Elm Allahın varlığını inkar edirmi?

Elm Allahın varlığını inkar edirmi?

Hazırda “elm” anlayışı Qərb dünyasında tamamilə fərqli mənada istifadə edilir. Əvvəllər “elm” anlayışı humanitar və təcrübi elmlərin hamısına şamil olurdu. Məsələn, fəlsəfə, ədəbiyyat, tarix və s. kimi sahələr “elm” hesab olunurdu. Lakin son 400 ildə Qərbdə meydana gələn intibah dövründən bu yana “elm” anlayışının əhatə dairəsi getdikcə daralmağa başladı. İndi qərbin akademik camiəsində “elm” (science) dedikdə, “təcrübi elmlər” nəzədə tutulur. Elmi bu mənada qəbul edən kiminləsə oturub elmi müzakirə apararkən, ona ədəbiyyatdan, fəlsəfədən, dindən sitatlar gətirsəniz, opponentiniz sizin fikirlərinizi heç vaxt ciddi qəbul etməyəcək. Halbuki qədimdə fəlsəfə bütün elmlərin şahı hesab olunurdu.

Gəlin yuxarıdakı sualı bu kontekstdə araşdıraq: Elm, yəni fizika, kimya, biologiya kimi təcrübi elmlər Allahın varlığını inkar edirmi?

Bu suala dolğun və obyektiv cavab tapmaq üçün əvvəlcə elmin predmeti, yəni mövzusu və metodologiyasını araşdırmalıyıq. Elm nəyi araşdırır və bunu necə, hansı yollarla edir?

 

Təcrübi elmlərin mövzusu istisnasız olaraq materiyadır. Məsələn, fizika təbiəti, biologiya canlıları araşdırır və s. Metodologiya isə müşahidə və təcrübəyə əsaslanır. Yəni, məsələn, “Ümumdünya cazibə qanunu”nu, “Nisbilik nəzəriyyəsi”ni, “Kvant fizikası”nı, insan anatomiyasını, orqanların fəaliyyət mexanizmini, xəstələndiyi zaman müalicə yollarını öyrənmək üçün mütləq müşahidə etmək, uzun-uzadı təcrübələr aparmaq lazımdır. Təcrübi elmlərdə fəlsəfə, şeir, ədəbiyyat, tarix və din heç bir önəm kəsb etmir. Elm adamını maraqlandıran yeganə şey fakt və sübutdur; özü də yuxarıda qeyd olunan metodologiya ilə əldə olunan fakt və sübut.

Bu qısa izahdan elmin mövzusunun heç vaxt metafizik – qeyri-maddi – nəsnələr ola bilmədiyi aydın olur, çünki metafizik nəsnələr hiss üzvlərimizlə qavranılan cinsdən olan varlıqlar deyillər. Nəticədə “Allahın varlığı” mövzusu bir fizik və ya bioloq üçün ixtisasdan kənar mövzu hesab olunur. Deməli, elm Allahın varlığını heç bir şəkildə inkar etmir, çünki “Allah” elmin predmeti deyil. Lakin Onu inkar etmədiyi kimi, sübut da etmir. İnsan laboratoriyada müşahidə və təcrübələr aparmaqla nə Allahın varlığını inkar, nə də isbat edə bilər.

Əlbəttə, bu, təcrübi elmlərlə məşğul olan şəxslərin “Allahın varlığı” mövzusunda heç vaxt fikir bildirə bilmədikləri anlamına gəlmir. Sadəcə olaraq, ixtisası fizika olan şəxs bu mövzuya daxil olub, fikir bildirərkən artıq bir fizik olaraq fikir bildirmir. O, fizika, biologiya, kimya və astronomiyadan öyrəndiyi məlumatlardan istifadə edərək mövzu barədə fikir formalaşdıra bilər, lakin metafizika barədə danışan andan etibarən artıq fizik kimi deyil, bir filosof kimi fikir bildirmiş olur, çünki metafizik, abstrakt və qeyri-maddi anlayışların müzakirə edildiyi sahə fəlsəfədir. Bu kontekstdə tanınmış fizik Stiven Hokinqin artıq fəlsəfənin öldüyü və bütün suallara elmin cavab verdiyinə dair söylədiyi fikrin nə dərəcədə yanlış olduğu da aydın olur. Fəlsəfə heç vaxt ölməyib. Elm nə qədər inkişaf etsə də, fəlsəfə hər zaman diridir. Hokinqin fəlsəfənin öldüyünə və elmin bütün sualları cavablandıra biləcəyinə dair söylədiyi fikrin özü belə, əslində, fəlsəfi fikirdir. Aristotel demişkən, "fəlsəfəni inkar etmək üçün mütləq fəlsəfələməli və onun hüdudlarına daxil olmalısan".

 

Rəy yazın

Cavab verirsiniz:

Rəylər (0)

Hələ heç bir rəy yoxdur. İlk rəyi siz yazın!

Təbriz Qasımov

Araşdırmaçı-yazar. TTAM-in (Tusi Adına Tədris və Araşdırma Mərkəzi) təsisçisi. Müəllifi olduğu kitabların siyahısı: 

1. Nəzəri İrfana Giriş 
2. İbn Ruşd Fəlsəfəsi
3. Nəsirəddin Tusi, "Təcridul-etiqad", tərcümə və şərh 
4. Məhəmməd Füzulinin "Mətləul-etiqad" əsərinin şərhi 
5. Əllamə Hilli, "əl-Babul Hadi Əşər", tərcümə və şərh
6. Aşura Ziyarəti, tərcümə və şərh 
7. Şəmsəddin Zəhəbi, "Qədirxum hədisi", tərcümə və şərh
8. Həkimi-Türk Axundova Cavab 
9. İslamda Olanlar Olduğu Kimi (həmmüəllif)
10. Tanrı Varlıqla Yoxluq Arasında 
11. Mən Niyə Ateist Deyiləm