Preloader
Elm xəbərləri

Quşlar qadınlarla müqayisədə kişilərin onlara daha çox yaxınlaşmasına icazə verirlər

  • May 06, 2026

Quşlar qadınlarla müqayisədə kişilərin onlara daha çox yaxınlaşmasına icazə verirlər

Şəhər quşlarının (məsələn, göyərçin, sərçə və sağsağan) insanlara reaksiyasını araşdıran yeni bir tədqiqat maraqlı bir nəticə ortaya qoyub: quşlar qadınlarla müqayisədə kişilərin onlara daha çox yaxınlaşmasına icazə verirlər.


"British Ecological Society" jurnalında dərc olunan araşdırmada 37 fərqli quş növü incələnib. Tədqiqat Çexiya, Fransa, Almaniya, Polşa və İspaniyada aparılmış ümumilikdə 2701 müşahidəyə əsaslanır.


Təcrübələrdə boy və geyim baxımından oxşar xüsusiyyətlərə malik qadın və kişi iştirakçılar şəhər parklarında və yaşıllıq sahələrində quşlara doğru düz xətt üzrə yaxınlaşıblar. Nəticələrə görə, qadınlar quşlara orta hesabla 8,5 metrə qədər yaxınlaşa bildikləri halda, kişilər bu məsafəni təxminən 7,5 metrə qədər azalda biliblər. Yəni quşlar kişiləri daha gec təhlükə kimi qəbul edir.


Tədqiqatın həmmüəlliflərindən Denyel Blumşteyn bildirib: “Şəhər quşlarının yaxınlaşan şəxsin cinsiyyətinə görə fərqli reaksiya verdiyinə əminik, lakin bunun səbəbini hazırda izah edə bilmirik”.


Tədqiqatçılar hesab edirlər ki, quşlar insanları fərqləndirərkən qoxu, bədən quruluşu və ya yürüş tərzi kimi ipuclarından istifadə edə bilərlər. Lakin bu ehtimalların təsdiqlənməsi üçün daha çox araşdırmaya ehtiyac var.


Digər həmmüəllif Federiko Morelli isə qeyd edib ki, bu tapıntılar şəhər heyvanlarının ətraf mühiti qiymətləndirmə bacarıqlarının düşündüyümüzdən daha inkişaf etmiş olduğunu göstərir.


Yanina Benedetti də bildirib: “Bu tədqiqat şəhərlərdə yaşayan heyvanların insanları necə qavradığını anlamaq baxımından önəmlidir. Eyni zamanda göstərir ki, elmi müşahidələrdə insan amili hər zaman tam neytral olmur”.


Mütəxəssislərə görə, şəhər quşları insanların fərq etmədiyi xırda davranış və fiziki ipuclarına həssasdır. Gələcək tədqiqatların bu ipuclarını ayrı-ayrılıqda araşdıraraq quşların hansı siqnalları qəbul etdiyini müəyyənləşdirməsi gözlənilir.