Ontoloji arqumentə qısa baxış
- 224 dəfə baxılıb
Dinsiz kütlə çox zaman ölümdən sonrakı həyatın varlığına məsxərə ilə yanaşır. Baxmayaraq ki ölümdən sonrakı həyata olan inanc bütün dinlərin ortaq tərəfidir, yenə də dinsiz kütləyə görə buna inanmaq olduqca absurd və cahilcədir. Onlar düşünürlər ki, bizim varlıq göstərdiyimiz yeganə həyat hazırda var olduğumuz dünyadır və bundan başqa heç bir həyat var olmayacaq. Öldüyümüz zaman biz məhv olacağıq və torpağa qarışacağıq. Əslində məsələ bu qədər bəsit deyil. Dinsizlər hər mövzuda olduğu kimi bu mövzuya da həddən ziyadə dayaz yanaşırlar, məsələnin dərin tərəflərini ya görməzdən gəlirlər, ya da ora enmək üçün yetəri qədər bilgiləri yoxdur. Gəlin məsələyə daha təfərrüatlı baxaq. Yəni, dərinə enək.
1. Dinlərə görə ölümdən sonrakı həyat.
Ümumiyyətlə ölümdən sonrakı həyatın varlığı fərqli formalarda izah edilsə belə, bütün dinlərdə mövcuddur. Ən qədim zamanlardan bəri mövcud olan bütün dini düşüncələrin təməlində duran əsas məsələlərdən biri məhz ölümdən sonrakı həyatın varlığına inamdır. Ən əvvələ baxsaq, biz buna bənzər düşüncənin qədim insanlarda olduğunu görərik. Qədim insanlar ölülərini dəfn etdikləri zaman onun əşyalarını da qəbirə qoyurdular. Bəzi tarixçilərin nəzərinə görə bu adət ölümdən sonrakı həyata inamın təcəssümü idi. Onlar belə güman edirlər ki, qədim insanlar ölümdən sonrakı həyata inanırdılar və ölünün əşyalarını orada istifadə edəcəyini düşünürdülər. Buna görə də əşyalarını ölüylə birlikdə basdırırdılar. Lakin bu nəzər məntiqli görünsə də, sadəcə fərziyyədir. İddianı tutarlı edəcək heç bir dəlil mövcud deyil. Ümumiyyətlə arxeoloji dəlillərə söykənərək dini inanclar haqqında fikir irəli sürmək sadəcə şəxsi təxəyyülün məhsuludur. Böyük din tarixçisi Mirça Eliade özünün “Dini inanclar və düşüncələr tarixi” əsərində belə qeyd edir:
“Əlimizdəki arxeoloji tapıntıların neçəsində dini inanclar açıqlana bilər ki? Bunların heç biri insanların dini düşüncəsi haqqında dəqiq fikir ortaya qoya bilməz. Düşüncələr fosilləşməzlər. Buna görə də bir çox tarixçi bu barədə fikir bildirməməyi daha üstün tutub”.[1]
Mirça Eliade mövzunun davamında İsevçrədə bir mağarada tapılan üst-üstə yığılmış ayı kəllələrindən söz açır. Müəllif qeyd edir ki, bu kəllələr haqqında bir çox arxeoloq fərqli iddialar irəli sürdülər. Qahs bunun uca bir varlığa inam olduğunu qeyd etdi. Karl Meuni isə bunun bir ov ritualı olduğu qənaətinə gəldi. Kobi isə bunun sadəcə bir təsadüf olduğunu söylədi. Bununla Mirça izah edir ki, bu cür tapıntıları inanca bağlamaq sadəcə şəxsi fikirdir, fakt deyil.[2]

Mirça Eliade
Bütün bu məsələlərə əsasən biz də qəbir adətlərinə baxaraq qədim insanlarda ölümdən sonrakı həyata dair inancın mövcudluğunu iddia etməyəcəyik. Bu inancın bütün dinlərdə olduğuna dair 3 sübutumuz mövcuddur:
Buna əsasən də biz iddia edirik ki, bu anlayış bütün dinlərin 3 əsas xüsusiyyətindən biridir (digər ikisi isə Tanrı və sonda gələcək xilaskar anlayışıdır).
Ölümdən sonrakı həyat hazırda mövcud olan dinlərin hamısında fərqli cür olsa da, nəticədə hamısında mövcuddur. Bir çox xristiana görə öldükdən sonra hz. İsanın qurduğu krallıqda yaşayacağıq. Buddistlərə görə öldükdən sonra dəfələrlə dünyaya gəlib, son missiyanı yerinə yetirdikdən sonra nirvanaya yüksələcəyik. Müsəlmanlara görə isə öldükdən sonra Cənnət və Cəhənnəm deyilən yerlərdən birinə gedəcəyik. Mövzunun mahiyyəti bu olmadığı üçün bu haqda daha uzun izahlara ehtiyac duymuruq. Bu yazıda ümumilikdə ölümdən sonrakı həyatın varlığına inanmağın dinsizlərin dediyi kimi absurd, yoxsa yetəri qədər məntiqli olduğuna baxacağıq.
2. Ölümdən sonrakı həyata dair sübutlar
Məsələyə əvvəlcə ölümdən sonrakı həyatın varlığına dair dəlillərlə başlayaq və ətraflı formada baxaq ki, həqiqətənmi buna inanmaq axmaqlıqdır, yoxsa daha rasionaldır. Buna dair 2 dəlil mövcuddur: Tələbat dəlili və təcrübə dəlili.
2.a. Ölümdən sonrakı həyatın varlığına dair ilk və ən ciddi dəlil tələbat dəlilidir. Tələbat dəlilinin məğzi bundan ibarətdir ki, bizdə ölümsüzlüyə qarşı tələbat mövcuddur, bu halda əbədi həyatın olmaması mümkün deyil. Ətraflı izah edək.
İnsan öz varlığı ilə bir çox tələbata sahibdir. Arzuya, istəyə deyil, məhz tələbata. Məsələn, su, yemək, cinsi əlaqə kimi anlayışlar insan varlığının tələbatlarıdır. İnsan bütün həyatını bu tələbləri qarşılamaq üçün yaşayır. Eynilə ölümsüzlük (ölümdən qaçmaq) də insanda bir tələbatdır. Bütün insanlar mütləq formada ölümdən qaçmağa çalışırlar, yəni əbədi həyata tələbatları var.
Bu zaman ortaya çox ciddi bir sual çıxır: bizdə bir tələbat mövcuddursa, onun qarşılığı mövcud olmaya bilərmi? Cavab budur ki, mümkün deyil. Əgər insanın suya qarşı tələbatı varsa, suyun var olması qaçınılmazdır. Əgər su var olmasa, insan suya qarşı tələbatlı ola bilməz. Yaxud, yeməyə qarşı tələbatımız varsa, mümkündürmü ki, yemək mövcud olmasın? Heç bir halda bu, mümkün ola bilməz. Əgər yemək olmasaydı, ona qarşı tələbat da var ola bilməzdi. Necə ki, əks cins olmasaydı cinsi əlaqə ehtiyacımız mövcud olmazdı. Bu halda bizim əbədi həyata tələbatımız varsa, mümkün deyil ki, əbədi həyat mövcud olmasın. Əgər əbədi həyat olmasaydı, bizim ölümsüzlüyə qarşı tələbatımızın olması mümkün deyildi. Bu arqument özlüyündə ölümdən sonrakı həyatı tamamilə isbat edir. Lakin arqumentə qarşı əks arqumentlər irəli sürülə bilər ki, bunlara da qısaca cavab verək.
2.a.a. Bunlardan birincisində qarşı tərəf iddia edir ki, heç də hərkəsdə ölümsüzlük tələbatı yoxdur, bəzi insanlar ölmək istəyirlər. Bu arqument tamamilə absurd və gülüncdür. Ölmək istəyən insanlar bunu hansısa psixoloji vəziyyətə görə edirlər, azad iradəylə etmirlər. Bunu nəzərə aldıqda “insanda ölümsüzlüyə qarşı tələbat yoxdur” iddiasını irəli sürmək mümkün deyil. Məsələn, bir insan həddən ziyadə narkotik vasitələrdən istifadə etsə, onda aclıq hissi demək olar ki, minimuma düşür. Belə adamlar çox az halda yemək yeyirlər, aclıqı nadir halda hiss edirlər. Bu adamları əsas götürüb biz iddia edə bilərikmi ki, “insanda yeməyə qarşı tələbat yoxdur?”. Bunu iddia etsək, hər halda bizə gülərlər. Yaxud, cinsi hissləri olmayan hansısa bir adamı əsas götürüb iddia edə bilərikmi ki, “insanda cinsi əlaqə tələbatı yoxdur?”. Əlbəttə, yox. Bunlar bəzi istisna hallardır və istisnalar qaydaları pozmurlar.
2.a.b. İkinci əks arqument budur ki, bizdəki ölümsüzlük tələbatı genimizin irəli daşınması üçündür. Biz canlı olaraq genimizi irəli daşımaq istəyirik və buna görə də bizdə ölümsüzlük tələbatı var. Bu arqument digərindən daha güclü olsa da, yenə də zəifdir. Tələbat o halda mövcud olur ki, tələb etdiyimiz şey mövcud olsun. Genimizi əbədi yaşatmaq istənilən halda mümkün deyil, bu halda biz niyə bunu tələb edirik? Əgər biz bunu tələb ediriksə, mütləq formada bu mövcud olmalıdır, əks halda bunu tələb etməməliyik.
2.a.c. Üçüncü arqumentdə isə iddia edirlər ki, insanın tələbatı olan başqa şeylər də var ki, mövcud deyil. Bunların nə olduğunu soruşduqda isə, uçmaq, sehirbaz olmaq və s. kimi absurd məsələlər sadalayırlar. Qeyd edək ki, uçmaq, sehirbaz olmaq və s. kimi şeylərin heç biri tələbat deyil, sadəcə arzudur.
Mövzunun bu yerində arzuyla tələbat arasında olan incə xətti çəkək ki, mövzu tamamilə aydın olsun. Bu xətti çəkməsək, yəni ölümsüzlük istəyinin digər arzulardan fərqli olaraq tələbat olduğunu sübut etməsək, bu iddia tamamilə haqlı olur.
Tələbatla arzu arasında təməl fərq budur ki, arzu şüurda baş verir, tələbat isə instiktivdir. Daha geniş izah edək. Arzu budur ki, sən bir şeyi görürsən, şüurunda bu proses canlanır və bunu istəyirsən. Tələbat isə görməyə və şüura bağlı deyil, bu bizim daxilimizdə olan bir şeydir. Onu görməsək belə bizdə mövcuddur. Məsələn, bir uşağı doğulan kimi adaya atsaq, o uşaq siqaret istəməyəcək, lakin su və yemək istəyəcək. Nə üçün? Çünki insanın siqaret istəyi arzudur, su və yemək istəyi isə tələbat. Siqareti görürük, dadırıq və arzulayırıq, su və yeməyi görməsək belə ona can atırıq. Yaxud, bir uşağı doğulan kimi adaya atsaq, o velosipet sürmək istəməyəcək, lakin müəyyən həddə çatan kimi cinsi əlaqə istəyəcək. Nə üçün? Çünki velosipet sürmək arzudur, görürük və arzulayırıq, lakin cinsi əlaqə instiktivdir, tələbatdır. Onu görməsək belə arzulayırıq. Bəs ölümsüzlük istəyi? Bir uşağı bir adaya atsaq, o ölümdən qaçacaq ya yox? Şübhəsiz ki, qaçacaq. Deməli ölümsüzlük istəyi şüurda baş vermir və arzu deyil, instiktivdir və tələbatdır. Ümid edirik ki, bu məsələ sizlərə aydın oldu. Məsələ anlaşılandan sonra, üçüncü arqument tamamilə çökür. Bu arqument çökəndən sonra biz dinsizlərə təkrar sual edirik: “Tələbatımız olan, lakin mövcud olmayan nəsə varmı?” Onlar bu dəfə deyirlər ki, “bəli, var, ölümsüzlük tələbatı”. Burada dinsizlər ciddi məntiqi xətaya girirlər. Bu xəta da məntiq bilgisinin zəifliyindən qaynaqlanır. Məntiqin birinci qanunu eyniyyət qanunudur. Yəni, eyni keyfiyyətə malik obyektlər, eyni xüsusiyyətə malikdirlər. Buna məşhur Sokrat misalıyla izah verək.
Biz Sokratın ölümünü görmədən onun öləcəyini haradan bilirik? Əlbəttə, biz yüzlərlə insanın öldüyünü müşahidə edirik. Baxırıq ki, Sokrat da onlar kimi bir insandır və biz əmin oluruq ki, Sokrat da öləcək. O halda gəlin ölümsüzlüyün mövcud olduğunu məntiqlə isbat edək:
Ümid edirik ki, bu arqumentimiz hamı üçün aydın oldu. Yəni, ölümdən sonrakı həyata inanmaq heç də absurd deyil, əksinə tamamilə məntiqli və rasionaldır.
3. Ölümdən sonrakı həyat və təcrübə
Ölümdən sonrakı həyatın digər bir sübutu isə təcrübədir. Buna dair ən yaxşı misalı amerikalı psixiatr Raymon Mudidən vermək olar. 150 kliniki ölüm keçirmiş adamla söhbət edən Mudi bu haqda “Həyatdan sonrakı həyat” adlı kitabı yazıb. Bu kitabda Raymond Mudi kliniki ölüm keçirən insanların vəziyyətlərindən söz açır. Mudi kitabda yazır:
“Bir adam ölmək üzrədir və həkiminin onun öldüyünü dediyini eşidir. Narahat edici bir səs, bir uğultu ya da zingildəmə səsi eşitməyə başlayır və eyni anda özünü fiziki bədəninin xaricində hiss edir, lakin hələ olduğu fiziki ətraf içərisindədir və öz bədənini uzaqdan seyr edir. Bir tamaşaçı kimi. Bu fövqəladə nöqtədən həyata qaytarılma səyini izləyir və romantik çalxantı içərisindədir. Bir müddət sonra özünü yığışdırır və bu qəribə vəziyyətinə getdikcə alışmağa başlayır. Hələ bir “bədənə” sahib olduğunu fərq edir, lakin bu, ardında buraxdığı fiziki bədəndən çox fərqli bir quruluşa və çox fərqli güclərə sahib bir bədəndir. Bu zaman başqa şeylər olmağa başlayır. Onunla görüşmək və ona kömək etmək üçün başqaları gəlir. Ölmüş qohum və dostlarının ruhlarını qəbul edir və daha əvvəl heç qarşılaşmadığı sevimli, istiqanlı ruha bənzər bir şey -nurani bir varlıq- qarşısında meydana çıxır. Bu varlıq, şifahi olmayan bir şəkildə, ona həyatını qiymətləndirməsi üçün bir sual yönəldir və həyatının əhəmiyyətli hadisələrinin ümumi görünüşünü əks etdirən bir təkrar göstərərək ona kömək edir. Bir anda özünü, görünüşcə dünyəvi həyat ilə axirət həyatı arasındakı sərhədi təmsil edən, bir növ maneə ya da ayırıcı xəttə yaxınlaşmış tapır. Lakin öz ölüm zamanı hələ gəlmədiyi üçün, dünyaya geri dönməsi lazım olduğunu anlayır. Bu mərhələdə müqavimət göstərir, bu ana qədər o biri dünyada yaşadıqlarından xoşlandığı üçün geri dönmək istəmir. Güclü xoşbəxtlik, sevgi və hüzur duyğularının təsiri altında qalır. Bu tutumuna baxmayaraq, yenə də, bir şəkildə fiziki bədəniylə təkrar birləşir və həyatda qalır. Daha sonra başqalarına izah etməyə çalışır, amma bunu edərkən çətinlik çəkir. Hər şeydən əvvəl, bu fövqəltəbii hadisələri təyin etmək üçün uyğun bəşəri sözləri tapa bilmir. Lağlağa etdiklərini də anladığı üçün digər insanlara izah etməkdən imtina edir. Hər şeyə baxmayaraq, bu təcrübə həyatını, xüsusilə ölümə və ölümün həyatla əlaqəsinə bağlı fikirlərinə dərindən təsir edir”.[3]

Raymond Mudi
Bu kitabda Mudi ümumiyyətlə mümkünsüz hadisələrə şahid olur. Bunların arasında öz əməliyyatını izləyən adamlar, xəstəxanın üstündəki hər şeyi görən adamlar, qarşı tərəfdə kafedə oturan insanların nə danışdığını bilən adamlar var ki, bunların heç birinin fiziki izahı mümkün deyil. Bunlar ancaq metafizikayla izah edilə bilər. Raymond Mudi özü də kitabın sonunda bu hadisələrə elmi izah verməyə çalışsa da, etiraf edir ki, bunun izahı mümkün deyil, yalnız metafizik düşüncəylə izah edilə bilər.
Bu mövzu haqqında daha ətraflı oxumaq istəyənlər müəllifin qeyd etdiyimiz kitabını oxuya bilərlər.
4. Ölümdən sonrakı həyata inanc olmasa?
Mövzunun ilk hissəsində sübut etdik ki, ölümdən sonrakı həyata inanmaq heç də absurd deyil, əksinə daha məntiqlidir. Fərz edək ki, heç belə deyil. Biz qarşınıza arqument qoymuruq. Belə olduğu halda belə, yenə də ölümdən sonrakı həyata inanmaq insan həyatı üçün daha yaxşıdır. Bununla bağlı sizə 3 misal verə bilərik.
4.a. Birinci misal əxlaq misalıdır. Əgər biz ölümdən sonrakı həyata inanmasaq, əxlaqlı davranmağımızın ciddi bir əsası yoxdur. Məsələn, mən hansısa bir heyvanı əzabla öldürürəm. Əgər ölümdən sonrakı həyata inanmıramsa, mənim qarşımı alacaq nəsə yoxdur. Yaxud, mən qadınları aldadıb, onlardan istifadə edirəm. Əgər mən ölümdən sonrakı həyata inanmıramsa, qarşımı alacaq nəsə yoxdur. Lakin mən inansam ki, ölümdən sonra həyat mövcuddur və bu dünyada etdiklərimin cavabını verəcəm, bu halda əxlaqlı davranmağa məcburam.
4.b. İkinci misal ədalət misaldır. Əgər ölümdən sonrakı həyata inanmasam, əsalət anlayışı mənim üçün sual altına düşür. Yəni, çox güclü bir insan məni əzirsə və onun qarşısını heç kim ala bilmirsə, deməli ədalət anlayışı mövcud deyil. Lakin mən inansam ki, ölümdən sonra həyat var, bu halda o adamın etdiklərinin cəzası mövcud olacaq və ədalət anlayışını yerinə oturacaq.
4.c. Üçüncü misal nihilizmdir. Əgər mən ölümdən sonrakı həyata inanmasam, həyatın bir mənası qalmır. Yəni, əgər həyat təkcə bu dünyadan ibarətdirsə, o halda onun mənası nədir? Əgər mən öldükdən sonra yox olacamsa, mənim bu həyatdakı əməllərimin bir mənası qalmır. Bu da insanı ümidsizliyə, mənasızlığa sürükləyit və insan xoşbəxt ola bilmir. Lakin mən ölümdən sonra yaşayacağıma inansam, bu halda həyatdakı hər addımım məna qazanır və mən ümidli, nikbin, xoşbəxt oluram.
Nəticə: Ölümdən sonrakı həyata inam nəinki absurddur, əksinə məntiq qanunlarına ən uyğun düşüncə formasıdır. Bu inam məntiqli olmasından əlavə, həm də insan mənəviyyatına ən müsbət təsir edən inancdır. Buna inanmaqla mən əxlaqlı davranmağa məcbur oluram, ədalətə inanıram və ümidli, xoşbəxt oluram.
[1] Mircea Eliade, Dinsel inançlar ve düşünceler tarihi, Kabalcı yayınevi, 2015, c.1, s.22
[2] Mircea Eliade, Dinsel inançlar ve düşünceler tarihi, Kabalcı yayınevi, 2015, c.1, 26-29.
[3] Raymond A. Moody, Life After Life, Harper One, New York, 2001. s. 19–20.
Hələ heç bir rəy yoxdur. İlk rəyi siz yazın!
Sizə tövsiyə edilənlər
Ontoloji arqumentə qısa baxış
Kosmoloji arqumentə qısa baxış
Elm Allahın varlığını inkar ed...