Preloader

Naturalizmin həqiqət bataqlığı və ya naturalizmin həqiqətdən uzaq düşməsi

Naturalizmin həqiqət bataqlığı və ya naturalizmin həqiqətdən uzaq düşməsi

Giriş

 

Naturalizm hər şeyi təbiətə bağlayan, metafizik aləmi rədd edərək bütün hadisələrin səbəbinin təbiət olduğunu iddia edən fəlsəfi cərəyandır. Naturalizm cərəyanına aid olan fərdlərə, yəni naturalistlərə görə heç bir metafizik müddəa (Tanrı, mələk, ruh və.s.) mövcud deyil, bütün mövcud olan hər şey təbiətin sayəsində mövcud olmuşdur. Bizim əsas mövzumuz naturalizmdəki həqiqət problemi olduğu üçün naturalizmin tarixinə və təfərrüatlarına toxunmayacağıq.

 

Naturalizmə görə yaradılış

 

Naturalizmə görə insan da daxil olmaqla bütün canlılar təkamül prosesində meydana çıxmışdır. Bu düşüncəni çoxlu sayda teist şəxs də qəbul edir. Lakin naturalistlərlə teistlərin təkamülə yanaşması fərqlidir. Teistlərə görə təkamül prosesi Tanrının nəzarətində baş verir və nizamlayıcı Tanrı təkamül prosesini düzgün formada həyata keçirir. Naturalistlər isə metafizikanı rədd etdikləri üçün təkamül prosesində Tanrı anlayışını tamamilə kənara qoyurlar və bu prosesin əsas mexanizmasını təsadüfi mutasiyalara bağlayırlar. Yəni, bizdə var olan əsas xüsusiyyətlərin ortaya çıxma səbəbi təsadüfi mutasiyalardır. Bu təsadüfi mutasiyalardan sonra yaranan xüsusiyyət bizi həyatda saxlayırsa və genimizi irəli ötürə bilirsə, o halda faydalıdır. Yəni, naturalist təkamülçülərə görə bizim qazandığımız bütün xüsusiyyətlər ancaq və ancaq həyatda qalmağımıza və genimizi irəli ötürməyimizə hesablanıb. Məsələn, bizim təsadüfən ortaya çıxan 5 barmağımız həyatda qalmağımıza və genimizin irəli ötürülməsinə töhfə vermək üçün ortaya çıxıb. Yaxud, pələngin pəncələri, qartalın caynağı, balığın üzgəci və.s. Bizdə yaranan xüsusiyyətlərin sadəcə həyatda qalmağımıza və genimizi irəli ötürməyimizə xidmət etməsi ortaya ciddi bir sual çıxarır: Bəs həqiqət anlayışının reallıqda həqiqət olmasına dəlil nədir?

 

Həqiqət və naturalizm qarşıdurması

 

Bütün insanların dünyada sahib olduqları bir anlayış mövcuddur ki, bəzən biz bütün həyatımızı bu anlayışa həsr edirik. Bu anlayış həqiqət anlayışıdır. Bütün insanların qəbul etdiyi (ya da qəbul etməyə məcbur olduğu) həqiqət anlayışı mövcuddur. Fərqli insanlara görə həqiqət fərqli müddəalarda ola bilər, lakin yenə də bu müddəalar onlar üçün həqiqətdir. Məsələn, bir teistə görə “Tanrı mövcuddur” müddəası həqiqət olduğu təqdirdə, bir ateistə görə “Tanrı mövcud deyil” müddəası həqiqətdir. Məntiq qanunlarına əsasən biz bu iki anlayışın ikisinin də həqiqət olmadığını bilirik. Bunlardan yalnız biri həqiqət ola bilər. Buna baxmayaraq hər iki tərəf üçün həqiqət anlayışı mövcuddur (reallıqda həqiqət olmasa belə). Eləcə də naturalistlər üçün də həqiqət anlayışı mövcuddur. Naturalistlər üçün həqiqət "hər şeyi təbiətin nizamlaması və heç bir metafizik varlığın mövcud olmaması”dır. Yəni, bir naturalist üçün tək yaradıcı təbiətin özüdür və bu sistemdə bir yaradıcı Tanrıya yer yoxdur. Naturalistin həqiqət anlayışının ən başında duran müddəa budur. Bu zaman ortaya çox ciddi sual çıxır: bu müddəanın həqiqət olmasının qarantiyasını kim verir? Ətraflı izah edək.

 

Yuxarıda qeyd etdiyimiz kimi naturalizmə görə hər şeyi yaradan təbiətdir və insanı da insan edən sadəcə təsadüfi mutasiyalardır. Bütün bu proseslər də sadəcə bizim həyatda qalmağımıza və genimizi irəli ötürməyimizə xidmət edir. Bəs bütün bu proseslər içində təbiət nəyisə yanlış edə bilərmi? Əlbəttə! Buna əsas nümunələrdən biri gözdəki retinadır. Bildiyiniz kimi gözdəki retina tərs dayanmaqdadır. Yəni, normalda işığı qəbul edib onu elektrokimyəvi siqnala çevirən hüceyrə öndə, bunu beyinə göndərəcək hüceyrələr arxada olmalı olduğu halda, tamamilə tərsinə yerləşir. Buna görə də gözə gələn işıq gözdəki sinirləri keçərək işığı qəbul edən hüceyrəyə çatır və bu da işığın miqdarını və görüntünü kəskin formada azldır. Bunu edən naturalistlərin nəzərinə görə təsadüfi mutasiyalardır və bu dizayn xətalı formadadır. Sadəcə olaraq bu formada təkamül bizim həyatda qalmağımıza və genimizi irəli ötürməyimizə mane olmayıb deyə, bu formada da qalıb. Bu qəbildən başqa məsələləri də saymaq olar ki, naturalistlərə görə bunlar təkamüldəki təsadüfi mutasiyaların yanlış qərarıdır. Bu halda Həqiqət anlayışı haqqında verdiyimiz suala geri qayıdırıq: Həqiqətin reallıqda həqiqət olmasının qarantiyasını kim verir? Bəlkə də beynimizdə həqiqət anlayışının mövcud olması sadəcə təsadüfi mutasiyaların yanlış qərarlarından biridir. Sadəcə bu anlayışın mövcud olması bizim həyatda qalmağımıza və genimizi irəli ötürməyimizə maneə deyil.

 

Bir naturalist üçün həqiqətin qarantiyası mövcud ola bilməz. Biz bütün həqiqət anlayışını böyük bir sual altına atmalıyıq. Bəlkə də bu anlayış sadəcə təkamüldəki xətalardan biridir.

 

“Həqiqət yoxdur” paradoksu

 

Yuxarıdakı iradımıza qarşı naturalistlər dərhal cavab verə bilərlər ki, həqiqət ümumiyyətlə mövcud deyil. Bu iddia tamamilə absurd iddia olardı və iddia edənin özünü çıxılmaz bir paradoksa salardı. Bu iddianı çürütmək üçün sadəcə bir sual kifayətdir: “Həqiqət yoxdur” iddiası həqiqətdir, yoxsa yox?

 

Burada verilə biləcək 3 cavab var:

 

1. ”Həqiqət yoxdur” iddiası həqiqətdir – Bu zaman iddiamız özü yanlışlanır. Çünki bu iddia həqiqət olduğu halda artıq həqiqət mövcud olmuş olur.

2. “Həqiqət yoxdur” iddiası həqiqət deyil – Bu zaman iddia avtomatik yanlışlanır.

3. “Həqiqət yoxdur” iddiasının həqiqət olduğunu bilmirik – Bu halda yenə də iddia yanlışlanır. Çünki, biz bilməsək belə, bu sualın cavabı ya “var”dır, ya da “yox” (məntiqin üçüncü qanununu xatırla). Hər iki cavabda da həqiqət yenə də mövcud olur.

 

Yəni, “həqiqət yoxdur” iddiasını irəli sürən şəxsin iddiasını isbat etməyə çalışması özü belə iddianı yanlışlayır və şəxs çıxılmaz bir paradoksun içinə girir.

 

“Həqiqət nisbi bir anlayışdır və şəxslərə görə dəyişir” paradoksu

 

“Həqiqət yoxdur” deyən bir fərd o iddiasının puç olduğunu gördüyü halda, dərhal həqiqətin nisbi olduğunu deyərək vəziyyətdən çıxa bilər. Lakin bu iddiası belə qətiyyən məntiqli deyil və şəxsin özünü başqa bir paradoksun içinə salır. Bu iddiaya Plantinqanın təbirincə iki formada cavab verək: ölümcül zərbə və öldürücü zərbə.

 

1. Ölümcül zərbə.

 

Həqiqətin nisbi olması reallıqda mümkün deyil. Çünki bu iddia məntiq qanunları ilə ziddiyət təşkil edir. Məsələn, iki zidd anlayışa həqiqət deyən 2 nəfər düşünün. Bunlardan biri “Ziya hazırda Bakıdadır”, digəri isə “Ziya hazırda Göyçaydadır” deyir. Məntiqin üçüncü qanuna görə bu cümlələrin ikisi də eyni anda mümkün ola bilməz. Ziya ya Bakıda olmalıdır, ya da Göyçayda. Belə olduqda 2 iddiaçının ikisindən biri mütləq formada yanılmalıdır. Onlara görə həqiqət nisbi olsa da, reallıqda mütləq olması şərtdir.

 

2. Öldürücü zərbə

 

“Həqiqət nisbidir” deyən şəxsə sual ünvanlayırıq: “Həqiqət nisbidir” iddiası nisbi həqiqətdir, yoxsa mütləq həqiqət. Bu suala da 3 cavab var:

 

1. “Həqiqət nisbidir” iddiası mütləq həqiqətdir – Bu halda iddia özü yanlışlanır, çünki bizim bir mütləq həqiqətimiz artıq mövcud olur.

2.  “Həqiqət nisbidir” iddisı nisbi həqiqətdir – Bu halda bu iddianı mütləq həqiqət kimi saya bilmərik, çünki bu iddianın həqiqəti fərdlərə görə dəyişir.

3. “Həqiqət nisbidir” iddiasının mütləq və nisbi olduğunu bilmirik – Bu halda yenə də iddia yanlışlanır, çünki hansı cavabı veririksə verək, həqiqət mütləq olmalıdır.

 

“Həqiqətin həqiqət olmasını ağlımızla müəyyən edirik” paradoksu

 

Naturalistin vəziyyətdən çıxmağa çalışdığı iki məsələyə cavab verdik. Həqiqət mütləq formada mövcud olmalıdır və həqiqət mütləq olmağa məcburdur. Bu zaman yuxarıdakı suala yenidən qayıdırıq: həqiqətin qarantiyası nədir? Təkamül prosesi təsadüfi mutasiyalarla baş verirsə, o halda xətalı xüsusiyyətlər də formalaşa bilər. Yuxarıda buna gözün retinasını misal çəkdik. Belə olduqda beynimizdə yaranan həqiqət anlayışı da mutasiyaların nəticəsində yanlış formalaşa bilər. Yəni, əslində bizim həqiqət dediyimiz müddəalar həqiqət yox, sadəcə beynimizin bir illuziyası ola bilər. Bir naturalistin bu iddianı puç edəcək və həqiqəti əsaslandıra biləcək heç bir arqumenti yoxdur. Onlar sadəcə deyə bilərlər ki, “biz həqiqətin həqiqət olmasını ağlımızla müəyyən edə bilirik”. Bu iddia problemi qətiyyən həll edə bilmir və suala yenidən qayıdır. Biz onsuz da bu iddianı ortaya atmaqla ağılı da şübhə altına atmış olduq. Biz iddia edirik ki, ağlımızla həqiqət dediyimiz şeylər illuziya ola bilər. Bu halda məsələyə “ağılla tapırıq” cavabını vermək heç bir halda həll yolu ola bilməz. Bunu iddia etmək üçün ağılın özünün həqiqət meyarı olmasını isbatlamalıyıq ki, mutasiyalar yanlış qərar veriblərsə, bunu edə bilmirik. Yəni, ağlımızın bizə “həqiqət” dediyi şeylər reallıqda həqiqət yox, illuziya ola bilər və bizim bunu müəyyən etmək üçün heç bir vasitəmiz yoxdur. Əgər həqiqətən illuziyadırsa, ağıl bunu müəyyən etməkdə acizdir.

 

“Mənə həqiqət yox, həyatda qalmağa kömək edən şeylər lazımdır” iddiasının absurdluğu

Bir qrup naturalist irad bildirə bilər ki, “bizə həqiqət maraqlı deyil, bir şey bizi həyatda saxlayırsa, bəsimizdir”. Bu halda yenə də naturalizm bizə lazım olmur. Əvvəla, bizə həqiqət lazım deyilsə, heç kim naturalizmi bizə həqiqət kimi təqdim edə bilməz. Əgər bir naturalist həm “bizə həqiqət lazım deyil”, həm də “naturalizm həqiqətdir” deyirsə, bu adamı yaxşı bir psixoloqa göstərmək lazımdır. İkincisi, təkamül prosesindəki faydanı nəzərə alsaq, biz naturalist yox, dindar olmalıyıq. İzah edək.

 

Naturalistlərin öz nəzərinə görə din təkamül prosesində bizdə formalaşan bir şeydir və dini özümüz kəşf etmişik. Bu halda deyirik: Biz bizi həyatda saxlayan şeylərə avantaj deyirik, həyatda qalmağa mane olan şeylərə isə dezavantaj. Təkamül prosesində bizdə formalaşan və onu özümüzdə saxladığımız şeylər avantajlı şeylərdir. Yəni, bu xüsusiyyətlər bizim həyatda qalmağımıza töfhə verir, bizim yaşamağımıza mane olmur. Əgər biz dini özümüz təkamül prosesində yaratmışıqsa və günümüzə qədər daşımıqsa, deməli din bizim üçün avantajlı xüsusiyyətdir. Bir avantajlı xüsusiyyətə də zidd olan şey, mütləq formada dezavantajlıdır. Nəticədə naturalizm avantajlı dinə qarşı olduğu halda, dezavantajlı olmuş olur. Yəni, “bizə həqiqət yox, həyatda qalmağa kömək edən şeylər lazımdır” deyən insanın dini yox, naturalizmi seçməsi tamamilə axmaqlıdır. Bu insan iddiasının əksinə dezavantajlı şeyi seçmiş olur.

 

Həqiqət nə zaman həqiqət ola bilər?

 

Yuxarıda qeyd etdiyimiz kimi bir naturalist həqiqət mövzusunda elə bir bataqlığa girir ki, ordan çıxması qeyri-mümkün olur. Bəs həqiqət anlayışı hansısa halda məna qazanırmı? Yəni, həqiqətin özünü həqiqət kimi qəbul etmək mümkün ola bilərmi? əlbəttə!

Həqiqəti həqiqət kimi qəbul etmək üçün bir insanın mütləq formada Tanrıya və dinə əsaslanması şərtdir. Çünki Tanrı qavramını məsələyə qatdığımız zaman həqiqət anlayışı məna qazanır və artıq həqiqətə həqiqət demək mümkün olur. Naturalistlərin əksinə bir teist iddia edir ki, “məni bir Tanrı yaradıb və bu Tanrı dünyada məni sınayır, sınağımın sonunda da cəza və ya mükafat verəcək.” Bütün bu proses ağıla söykəndiyi üçün və yaradıcı Tanrı da ağıllı bir varlıq üçün, artıq ağıl və həqiqət anlayışı şübhə altına düşmür. Biz mükəmməl, ən ağıllı bir Tanrıdan danışırıqsa, o halda bizim ağlımız da güvənilən olur və ən əsası, sondakı cəza və mükafat üçün həqiqətin olması qaçınılmaz olur. Buna görə də Tanrı olduğu halda həqiqətdən danışmaq mümkündür, əks halda isə həqiqət bütünlüklə sual altında qalır.

Son cəhd: “Tanrı bizi aldada bilərmi?”

 

Bütün iddialardan sonra bir naturalist son cəhdini edərək ortaya bir iddia qoya bilər: “Bəlkə də Tanrı bizi aldadır? Bu halda həqiqət özü yenə də sual altına düşmürmü?”

 

Bu sualın da cavabını verək. Bu iddianı teist bir şəxsə yönəltmək əslində uğurlu bir addım deyil. Bu iddianı o şəxsə yönəltmək mümkündür ki, o şəxs Tanrının necəliyi haqqında heç bir təsəvvürə sahib olmasın. Belə bir şəxsə qarşı “bəlkə də Tanrı bizi aldadır” arqumentini irəli sürmək olduqca uğurludur. Çünki bu şəxs onsuz da Tanrı haqqında bir təsəvvürə sahib deyil. O sadəcə Tanrının var olduğuna inanır. Lakin o Tanrının yalan danışıb, danışmayacağını bilmir. Bir teistdə isə (müsəlman, xristian, yəhudi) vəziyyət belə deyil. Bir teistin sahib olduğu bir din var və onun dinində Tanrı haqqında müəyyən bir təsəvvür mövcuddur. Bu təsəvvürlərdən ən əsası da Tanrının mükəmməl olması və yalan danışmamasıdır. Teist Tanrı (əslində ağılın dediyi Tanrı) mütləq formada mükəmməldir, yalan danışmaq da mükəmməlliyə zidd olduğu üçün, Tanrının teistə yalan danışması mümkün deyil. Biz bu arqumentdə hansı dinin, hansı düşüncənin doğru olmasından danışmırıq, hansı düşüncədə olsaq həqiqət bizim üçün mənalı olur məsələsindən danışırıq və bunun yalnız dini düşüncədə olduğumuz zaman mümkün olduğunu görürük. Yəni, dindar olduğumuz zaman həqiqətin həqiqət olduğunu qəbul edə bilərik, naturalist olduğumuz zaman isə əsla.

 

 

Qeyd: Bu arqument dahi filosof Alvin Plantinqanın “Naturalizmə qarşı təkamül dəlili” nəzəriyyəsinin bir qədər fərqli formada işlənmiş halıdır.

Rəy yazın

Cavab verirsiniz:

Rəylər (0)

Hələ heç bir rəy yoxdur. İlk rəyi siz yazın!