Preloader

Kristofor Hitçensə cavab: Elm və din bir-birinə ziddir?

Kristofor Hitçensə cavab: Elm və din bir-birinə ziddir?

Militan ateist Kristofor Hitçens özünün “Tanrı böyük deyil” kitabında elm və dinin bir-birinə zidd olması haqqında nümunələr gətirib. Bu nümunələrin bəzilərinə bu yazıda cavab verəcəyik. Bu yazıda Hitçensin 4 nümunəsini 2 hissə halında cavablandıracağıq. Bu hissələri “fərdlərə tutulan iradlar”“dinə tutulan iradlar” formasında adlandıracağıq.

 

Kristofor Hitçens



1. Fərdlərə tutulan iradlar

Kristofor Hitçens din və elmin ziddiyətli olduğunu isbat etmək üçün iki xristian teloqdan misal gətirib. Bunlardan biri Avreli Avqustin, digəri isə Akvinalı Tomasdır. Xristian tarixinin ən böyük iki teoloqunun iki fikrini əsas gətirən Hitçens isbat etmək istəyir ki, əslində din elmə ziddir. İddiaları belədir:


Avreli Avqustin Dünyanı kainatın mərkəzi hesab edirdi. Halbuki Dünya kainatın mərkəzi deyil.
b. Akvinalı Tomas hər bir spermada formalaşmış insan toxumunun olduğuna inanırdı.


Çox bəsit formada bu arqumentlərin dinlə elmin ziddiyətli olduğunu göstərmədiyini anlamaq mümkündür. Bu iki arqument əsrlər əvvəl yaşamış insanların elmi fikirlərini ələ alır. Bu iki teoloqun heç biri öz fikrini “Müqəddəs kitab”la əsaslandırmayıb. Ümumiyyətlə nə Tövratda, nə də İncil“Dünya kainatın mərkəzindədir” və ya “hər spermada formalaşdmış insan toxumu var” kimi bir fikir mövcud deyil. Bu halda da din və elm ziddiyətlidir fikrinə gəlmək tamamilə absurddur. Bu, o halda doğru olardı ki, bu fikirlər “Müqəddəs kitab”da yer alardı.

Əgər inanclı teoloqun hansısa yanlış fikri dinlə elmin ziddiyətli olduğunu göstərirsə, o halda hansısa ateistin də yanlış fikri dinlə ateizmin ziddiyətli olduğunu göstərir. Məsələn, ateist Fridrix Engels iddia edirdi ki, insanı meymunlardan ayırıb insana çevirən şey əmək idi. Halbuki müasir dövrdə mutasiyayla tanış olduqdan sonra bu fikrin absurd olduğunu gördük. Belədirsə, o halda biz də “Engels belə deyir və ateizmlə elm ziddiyətlidir” deyə bilərik. Bəli, bir ateist deyəcək ki, “bu Engelsin xətası idi”. Əlbəttə, biz də elə bunu deyirik, Tomas və Avqustinin fərdi xətası ümumi dinin adına yazıla bilməz.

2. Dinə tutulan iradlar

Fərdlərə tutulan iradların dinlə elmin ziddiyətli olduğunu əsaslandırmaqda aciz olduğunu gördük. Bununla yanaşı Hitçens dinə qarşı da 2 arqument gətirib:


Adəmin torpaqdan yaranması elmə ziddir.
b. İsanın atasız yaranması elmə ziddir.


Ümumiyyətlə bu iki fikrin elmə zidd olmasını iddia etmək anlaşılan deyil. Bu iki məsələ elmə zidd yox, elmin fövqündə adlandırılsa, daha doğru olar. Bunun kimi yüzlərlə məsələ var ki, zamanında elmə zidd idi, amma bu gün realdır. Məsələn, insanlar heliosentrik nəzəriyyənin kəşfinə qədər geosentrik nəzəriyyəni elmi görürdülər. O vaxt kiməsə desəydik ki, “əslində mərkəzdə olan Yer yox, Günəşdir və Yer Günəşin ətrafında fırlanır” bizi elmə ziddi danışmaqda günahlandırardılar. Çünki o dövrün elmi təfəkkürü bu idi. Yaxud biz 300 il əvvəl desəydik ki, “cansızdan canlı yaranmır” bizə deyərdilər ki, “axı bu elmi təcrübədir və biz ətin üstündə qurdların yarandığını görürük”. Elm hər zaman dəyişir və bir çox zaman dünənin elmi fikrini təsdiqləmir. Ona görə də bir çox şeyə elmin fövqündə demək daha doğru olar.

Bundan əlavə, biz onsuz da bu hadisələrə “möcüzə” deyirik. Möcüzə sözü “aciz” kökündən gəlir və mənası “aciz edən”dir. Yəni, möcüzə dediyimiz şeylərin necəliyini başa düşməkdə insan ağlı acizdir. Bu hadisələr Allahın xüsusi təsiri ilə baş verir. Yəni, bu məsələlərə möcüzə deməklə ağılın, elmin bunu anlamayacağını bildirib Allah.

Məsələni bir az da izah edək. Bizə görə (ümumən obyektiv insan ağlına görə) bütün varlıq aləmini yaradan bir Allah var. Bu Allah bütün varlığı, maddəni, zamanı, məkanı, enerjini və fiziki qanunları yaradıb. Biz sadəcə bu yaradılan varlıq aləminin bir parçasıyıq. Bir anlıq özünüzü kompyuter oyunun içindəki bir personaj kimi düşünün. Məsələn, GTA oyunundakı insanlardan biri sizsiniz. Oyunun içində olduğunuz zaman sizi əhatələyən bir qanunlar toplusu var. İnsanlar yerdə gəzirlər, avtomobillər yolla şütüyür, göydə təyyarə uçur və.s. Oyunun daxilində sizə kimsə desə ki, “Bura göydən çoxlu sayda tank yağacaq”, siz o adama dəli kimi baxarsınız. Çünki sizin olduğunuz mühitin elmi qanunlarında bu mümkün deyil. Bəs sizdən bir ölçü yuxarıda olan oyunun yaradıcısı üçün necə? Əlbəttə mümkündür. Özü də çox asan. O kompüterdə sadəcə 6 düyməyə toxunub “panzer” yazsa, göydən yerə tank düşəcək. O hətta göydən silah-sursat, avtomobillər də yağdıra bilər. O hətta kod yazaraq sizi ölümsüz də edə bilər. Bunu o, sadəcə bir ölçü sizdən yuxarıda olduğu üçün bacardı. Siz kompyuter oyununda 2 ölçülü sistemdəsiniz, göydən yerə tank salan adam isə 3 ölçülü sistemdə.

 

İndi düşünün, bizim var olduğumuz kainat 3 ölçülü kainatdır; en, uzun və həcm (zamanı da qatsaq 4). Biz iddia edirik ki (əslində obyektiv insan ağlı), Allah nəinki bizdən 1-2 ölçü yuxarıdadır, ümumiyyətlə ölçüləri də yaradan odur. Bu halda Adəmin torpaqdan yaranması, yaxud İsanın atasız doğulması tamamilə mümkün bir haldır. Əgər Quran desəydi ki, “bu proses möcüzə deyil və təbii baş verir” o halda ateistlərin iradı müzakirəyə açıq olardı. Fəqət belə bir şey yoxdur. Lakin buna bənzər iddianı ateistlər özləri iddia edirlər.

Allahın iradəsilə Adəmin torpaqdan yaranmasına elmi xəta deyən dinsizlər özləri inanırlar ki, okeanın dibində nə zamansa öz başına amin turşular yaranıb, onlar simmetrik formada düzülüblər və bununla da ilk hüceyrə formalaşıb. Çox qəribədir ki, ilk hüceyrənin okeanda özbaşına yaranması fikrinin heç bir elmi əsası yoxdur. Lakin bu məsələdə heç bir ateist demir ki, “bu mümkün deyil”. Adəmin Allahın iradəsilə torpaqdan yaranması elmə ziddir, amma hüceyrənin heç bir müdaxilə olmadan özbaşına okeanda yaranması elmidir. Biz hər zaman deyirik: “Bir ateistin iman gücü dindardan dəfələrlə çoxdur. Bir dindar mümkün şeylərə inanır, ateisti isə qeyri-mümkün hər şeyə inandırmaq olar, yetər ki, Allahı kənara qoyasan”.

Paylaş:

Rəy yazın

Cavab verirsiniz:

Rəylər (0)

Hələ heç bir rəy yoxdur. İlk rəyi siz yazın!