Ontoloji arqumentə qısa baxış
- 225 dəfə baxılıb
Təkamül nəzəriyyəsi dedikdə ağıla ilk gələn insan böyük ingilis bioloq Çarlz Robert Darvindir. Hətta təkamül nəzəriyyəsinə bir çox zaman “Darvinin nəzəriyyəsi” də deyilir. Lakin bu bir həqiqətdir ki, təkamül nəzəriyyəsini nəzəriyyə halına salan Darvin olsa da, bu nəzəriyyə fikir formasında daha əvvəl də mövcud idi. Məsələn, Jorj-Lui Lekler de Buffon, Jan-Baptist Lamark, Erazm Darvin kimi şəxslər Darvindən öncəki təkamül fikrinin Avropadakı ataları sayılırlar. Ancaq təkamül nəzəriyyəsinin tarixi ilə maraqlanan insanları ən çox düşündürən təməl bir sual mövcuddur: təkamül fikrinin banisi kimdir?
Təkamül fikrinin banisi haqqında bir çox fərqli düşüncələr var. Bir qrup hindistanlı iddia edir ki, “Daşavatara” (on avatar) dastanı təkamül fikrinin ilk formasıdır. Bu dastana görə, hind tanrısı Vişnu fərqli avatarlar (reinkarnasiyalar) formasında yer üzünə gəlir. Birinci avatar Matsyadır və o, bir balıqdır. İkinci avatar Kurma tısbağa, üçüncü avatar Varaha qaban, dördüncü avatar Narasimha yarı insan, yarı aslan, beşinci avatar Vamana isə cücədir. Ardınca gələn beş avatar isə hamısı insandır. Hindlilər düşünürlər ki, bu dastanda Vişnunun yer üzünə əvvəl balıq, sonra tısbağa, qaban, aslan və cücə formasında gəlməsi, daha sonra isə insan avatarlarına keçməsi elə təkamülün göstəricisidir. Əlbəttə, bu cür yanaşmalar çox da ciddiyə alınacaq yanaşmalar deyil. Belə yanaşmaları kənara qoysaq, təkamül fikrinin atası mövzusunda müzakirə oluna biləcək sadəcə iki nəfər var: yunan filosofu Anaksimander və ərəb elm adamı Cahiz. Bu iki şəxsin təkamül fikrinə ən yaxın və ən elmi fikirlər söyləməsi onları təkamül fikrinin atası olmaq mövzusunda ön plana çəkir.
Bir çox elm adamı belə düşünür ki, təkamül fikrinin həqiqi atası Anaksimanderdir. Eramızdan əvvəl onun söylədiyi fikirlər təkamül nəzəriyyəsi ilə birə-bir uyğun gəlir. Məsələn, Kaliforniya Universitetinin paleontologiya muzeyinə gedən insanlar bu cümlə ilə mütləq qarşılaşırlar: “Təkamül nəzəriyyəsi Anaksimander ilə başlayır”.[1] Bioloq dr. Ceremi Berqman da təkamül fikrinin yunanlarla başladığı düşüncəsindədir: “Təkamül nəzəriyyəsi heç də düşünüldüyü qədər yeni bir nəzəriyyə deyil. Bu nəzəriyyə e.ə 7-ci əsrdə Yunanıstandan başlayır”. Dr. Cermeni Berqman əlavə edir: “Anaksimander insanların balıqlardan, ya da balığabənzər varlıqlardan təkamül etdiyi nəticəsinə varmışdı”.[2] Türkiyəli geoloq Celal Şengör də özünün “Həyatın təkamülü fikrinin Darvin dönəminin sonuna qədərki qısa tarixi” adlı əsərində təkamül fikrinin banisi kimi Anaksimanderə yer verir. Celal Şengör yazır: “Bəsit ana xətləri ilə baxıldığı zaman Anaksimanderin həyatın təkamülü haqqındakı fikirlərinin müasir nəzəriyyədən çox da fərqli olmadığını görürük”.[3]
Elm adamları Anaksimanderdən nəql olunan bəzi fikirlərə görə bu qənaətə gəliblər. Gəlin elə Celal Şengörün də öz kitabında yer verdiyi Anaksimanderin bəzi fikirlərinə baxaq.
Aetsi yazır:
“Anaksimanderə görə, ilk insanlar nəm mühitdə formalaşmışdı və tikanlı qabıqları var idi. Böyüdükcə quruya çıxdılar və qabıqları çatladıqdan sonra qısa müddət fərqli formada yaşadılar”.
İppolit yazır:
“Anaksimanderə görə, başlanğıcda insan fərqli bir heyvana, balığa bənzəyirdi”.
Psevdo-Plutarx[4] yazır:
“Anaksimanderə görə, başlanğıcda insan başqa hevanlardan formalaşmışdı”
Bu kimi fikirlər mövcuddur ki, alimlər bu fikirləri əsas götürərək Anaksimanderin təkamül fikrinin atası olması qənaətinə gəlirlər. Bəli, bu fikirlərdə həqiqətən də insanın başqa bir canlıdan formalaşması qeyd edilir, lakin bu formalaşma necə baş verib? Bu barədə Anaksimanderə aid edilən bir mətn varmı? Əslində var. Anaksimander bu dəyişmənin necə olduğunu deyib, sadəcə onu təkamül fikrinin atası sayanlar nədənsə bu məsələnin üzərinə heç vaxt gəlmirlər. Plutarx “Masa ətrafı müzakirələr” (Table talk) əsərində qeyd edir: “Anaksimander balıqların və insanların eyni mənşədən olduğunu düşünmür, lakin başlanğıcda insanların balıqların içində doğulduğunu və qidalandığını, özlərini idarə edə biləcək formaya gəldikdə isə quruya çıxdıqlarını deyir”.[5] Buradan da göründüyü kimi, Anaksimander insanın balıqlardan gəldiyini deyəndə insanın forma dəyişdirib təkamül etdiyini yox, balıqların qarnında formalaşdığını qeyd edir. Yəni Anaksimanderin dedikləri heç də elmi bir fikir deyil, tamamilə mifoloji təfəkkürdür. Amerikalı paleontoloq Henri Ferfild Osbornun da dediyi kimi: “Anaksimanderin işlərini yaxından təhqiq etdiyimiz zaman onların müasir elmi fikirdən çox mifologiyaya bənzədiyini görürük”.[6] Bütün bunlara rəğmən yenə də Anaksimanderi təkamül fikrinin atası sayanlar hələ də mövcuddur.
Anaksimanderi təkamül fikrinin atası saymayanlar üçün isə əsas seçim ərəb elm adamı Cahizdir. Cahizin fikirləri Anaksimanderlə müqayisədə daha elmidir və müasir təkamül təliminə daha yaxındır. Elmi olmasının əsas səbəbi budur ki, Cahiz heyvanlar aləmini öyrənir, müşahidə edirdi, yəni zoologiyayla məşğul idi, Anaksimander isə sadəcə filosof idi. Buna görə də biz Cahizin fikirlərinə Anaksimanderə dediyimiz kimi mifologiya deyə bilmirik.
Cahizin təkamül nəzəriyyəsinin toxumlarını atdığını ilk sezən insan elm tarixi ensklopedisti Corc Sartondur. Sarton “İntroduction to the History of Science” adlı əsərinin ilk cildində Cahizin sonrakı bir çox nəzəriyyənin (təkamül, adaptasiya, heyvan psixologiyası və.s.) ilk toxumlarını səptiyini yazır.[7] Cahizi araşdıran və əsərlərini tərcümə edən Çarlz Pellat isə yazır: “Təəccübləndirici formada, Cahiz təkamül nəzəriyyəsinin ilk sxemini çəkib”.[8]
Cahiz yazdığı məşhur “Kitabül-Heyəvan” (Heyvanlar kitabı) əsərində bir çox məqamda açıq aşkar təkamüldən bəhs etməkdədir. Məsələn, Cahiz kitabında it, tülkü, canavar və onlara bənzəyən başqa heyvanların eyni kökdən gəldiyini qeyd edir. O yazır: “Xalq məshin (dörd ayaqlı heyvanların ilk nümunəsi) varlığı haqqında fərqli şeylər söyləyir. Bəziləri onun təkamülünü qəbul edir və onun it, tülkü, canavar və bənzəri heyvanları ortaya çıxardığını deyir. Bu sinfin nümunələri məshdən gəlməkdədir”.[9] Göründüyü kimi Cahiz açıq-aşkar müasir təkamül nəzəriyyəsinə birə-bir uyan fikirlər söyləyib.
Cahiz müasir təkamül nəzəriyyəsinin əsas faktorlarından biri olan adaptasiyadan (uyğunlaşma) və onun təsirlərindən də danışır. Ona görə ətraf mühitin təsiri varlıqların fizioloji quruluşunu dəyişir. Cahiz yazır: “Bəzi yerlərdə Nəbati gəmiçilərin meymuna oxşadığını gördük. Eyni formada bəzi Mərakeşlilərin də məshə bənzədiyini gördük. Onlardakı dəyişikliklərin səbəbi toz-torpaq, kirli su və hava ola bilər. Əgər onların üzərindəki ətraf mühit təsiri daha da artsa, onların dəriləri, qulaqları, rəngləri və formaları daha da dəyişəcək”.[10] Göründüyü kimi, Cahiz açıq-aşkar adaptasiya prosesindən bəhs etməkdədir.
Cahiz adaptasiya ilə yanaşı təkamülün başqa mexanizmlərindən biri olan həyat uğrundan mübarizə və təbii seçmədən də bəhs edir. O yazır: “Tarla siçanı qida axtarmaq üçün yuvasından çölə çıxır. Kiçik quşları və özündən kiçik başqa canlıları yeyir. Böyük quşların və ilanların təhlükəsindən qorunmaq üçün yerin altında qazdığı gizli tunellərdə gizlənir. İlanlar da tarla siçanlarını yeməyi sevirlər, ancaq özləri qunduz və kaftar kimi daha böyük heyvanlardan qorunmağa çalışırlar. Kaftar tülkünü qorxudur, tülkü də özündən daha kiçik heyvanı.”[11]
Ümumi baxıldığı zaman Cahizin yanaşmaları, həqiqətən də, dövrü üçün inqilabi fikirlər idi. Hələ Avropada təkamül fikirləri ortaya atılmamışdan min il öncə adaptasiya, təbii seçmə və hətta bəzi alimlərin yanaşmasına görə mutasiyadan bəhs etməsi təəccübləndiricidir. Buna görədir ki, böyük elm tarixçisi Vilyam Dreper bu fikirləri qeyd edir: “İslam dünyasında bəzən təəccübləndirici bir formada, bizim zamanımızda və bizim tərəfimizdən irəli sürülməsi ilə öyündüyümüz fikirlərlə qarşılaşırıq. Bizim müasir təkamül fikirlərimiz onların məktəblərində öyrədilirdi”.[12]
Nəticə olaraq qeyd edək ki, həm Anaksimanderin, həm də Cahizin fikirləri arasında müasir təkamül nəzəriyyəsinə oxşayan fikirlər mövcuddur. Lakin Anaksimanderin fikirləri təkamülə bənzəsə də, tamamilə mifik yanaşmalardır və mahiyyətə vardıqda başqa şeydən danışdığı görülür. Cahizin fikirləri isə daha elmidir, çünki Cahiz Anaksimanderdən fərqli olaraq heyvanlar üzərində müşahidələr aparıb və heyvanlar haqqında çox cildli əsər yazıb. Yəni Anaksimanderi təkamül fikrinin atası sayanların nə qədər səbəbi olsa da, bu fikrin atasının Cahiz olduğunu qeyd etmək daha ədalətli olardı.
[1] https://ucmp.berkeley.edu/history/ancient.html
[2] Bergman, J., Evolutionary naturalism: an ancient idea, J. Creation 15(2):77–80
[3] A.M. Celal Şengör - Yaşamın evrimi fikrinin Darwin döneminin sonuna kadarki kısa tarihi, (İTU yayınevi, 2004), s.38
[4] Plutarxa aid edilən, lakin ona aid olduğu dəqiq bilinməyə mətnlərə verilən addır.
[5] Thales, Anaksimandros, Anaksimenes - Fragmanlar, (Pinhan yayıncılık, 2019), s. 67
[6] Fairfield Osborn - From the greek to Darwin (Yunanlardan Darvinə), (Macmillan and Co., USA, 1899), s. 33-35
[7] George Sarton - İntroduction to the History of Science (elm tarixinə giriş), (Baltimore: Williams&Wilkins, 1927), s.597
[8] Charles Pellat - Hayawan, (Encyclopedia of islam, 1966), c.3, s.304-315
[9] Cahiz - Kitabül-Heyəvan, Qahirə, 1909, c.4, s.24
[10] Cahiz - Kitabül-Heyəvan, Qahirə, 1909, c.4, s.24
[11] Cahiz - Kitabül-Heyəvan, Qahirə, 1909, c.4, s.133-134
[12] John William Draper - History of the Conflict Between Religion and Science (Din və elm qarşıdurmasının tarixi), (New-York: Appleton and company, 1875), s. 118
Hələ heç bir rəy yoxdur. İlk rəyi siz yazın!
Sizə tövsiyə edilənlər
Ontoloji arqumentə qısa baxış
Kosmoloji arqumentə qısa baxış
Elm Allahın varlığını inkar ed...