Preloader

Elm, fəlsəfə və Tanrı

Elm, fəlsəfə və Tanrı

Platon, Kindi, Qəzali, Avqustin, Akvinalı Tomas, Dekart, Leybnits, Kepler, Nyuton Abdüssalam kimi bir çox məşhur alimlər, filosoflar və teoloqlar öz düşüncə sistemlərində Tanrının mövcudluğu ilə əlaqəli məsələlərə aparıcı rol veriblər; Tanrı mövcuddur? Tanrının mövcudluğu rasional olaraq əsaslandırıla bilərmi? Tanrının sifətləri barədə nə deyə bilərik? Əzəli olan kainatdır yoxsa Tanrı? Bu kainatdakı möhtəşəm dizaynlar Tanrının əsərləridir? və s...

Fəlsəfədə heç bir mövzu Tanrı ilə əlaqəli bu və buna bənzər suallar qədər diqqət çəkməmiş və müzakirə edilməmişdir. Bu suallar yalnız müzakirə mərkəzində olduqları üçün maraqlı deyil. Belə sualların cavabı həyat, ölüm, həyatın mənası, əxlaq və bir çox digər fundamental məsələlərə yanaşmada köklü dəyişikliklər yaradacaq qədər əhəmiyyəlidir. Bu kitabda tədqiqat mövzusu fəlsəfə baxımından olduqca diqqətdə olan, praktik həyat baxımından son dərəcə əhəmiyyətli, nəticəsinin hər şeyi kökündən dəyişdirəcəyi Tanrının mövcudluğu mövzusudur. Bu vacib mövzu ilə əlaqədar çox insan fikir bildirsə də, akademik əsərlərin olduqca az olmasını düşünürəm. Bu qədər ciddi bir mövzuda olan bu üzücü çatışmazlığın aradan qaldırılmasına töhfə vermək məqsədilə mövzu ilə əlaqədar əsərləri bu kitabda toplamağa çalışdım. Kitabı hazırlayarkən çox uğurlu filosofların və alimlərin məqalələrini toplaya bildiyim üçün xoşbəxtəm. Məqalə sahibləri və onların bu kitabdakı məqalələri ilə qısaca tanış olaq:

 

Müəlliflərin tərcümeyi halı

 

ROBİN KOLLİNS: Vaşinqton Dövlət Universitetində riyaziyyat, fizika və fəlsəfə olmaqla 3 bölmə üzrə məzun olduqdan sonra, Teksas Universitetində fizika üzrə doktoranturaya başlamışdır. Sonra Notr-Dam Universitetində fəlsəfə sahəsində doktorantura tədqiqatları aparmışdır. North-Vestern Universitetində “elm tarixi və fəlsəfəsi”, Notr-Dam Universitetində “din fəlsəfəsi” üzrə doktorluq dissertasiyası üzərində çalışmışdır. Hazırki akademik fəaliyyətini Qrantamda Messiah Kollecinin Fəlsəfə bölməsində davam etdirir. Elm fəlsəfəsi, din fəlsəfəsi, fizika fəlsəfəsi, elm-din münasibətləri əsas tədqiqat sahələridir.

 

CANER TASLAMAN: Bakalavr təhsilini Boğaziçi Universitetinin sosiologiya fakultəsində başa vurmuşdur. Magistr elmi dərəcəsini Marmara Universitetinin Fəsəfə və din elmləri bölməsində “Big Bang nəzəriyyəsinin fəlsəfə və teologiya ilə əlaqəsi” mövzusunda, fəlsəfə doktoru elmi pilləsini isə eyni bölmədə “Təkamül nəzəriyyəsinin fəlsəfə və teologiya ilə əlaqəsi” mövzusunda müdafiə edərək bitirmişdir. İkinci doktorantura dərəcəsini İstanbul Universiteti Siyasi elmlər bölməsində “Qloballaşma prosesində Türkiyədə islam” dissertasiya mövzusu ilə tamamlamışdır. Dosentlik dissertasiyasının mövzusu “Kvant nəzəriyyəsinin fəlsəfə və teologiya ilə əlaqəsi” olmuşdur. Əvvəlcə Tokio Univeritetində, daha sonra isə Oksford Universitetində doktorantura üzrə tədqiqatlar aparmışdır. Bundan əlavə Harvard Kembric universistetlərində elmi fəaliyyətlə məşğul olmuşdur. Hal hazırda Yıldız Teknik universitetinin fəlsəfə kafedrasında müəllim olaraq fəaliyyət göstərir. “Modern elm-fəlsəfə-din münasibətləri” əsas maraq dairəsidir. Din fəlsəfəsi, din sosiologiyası, elm fəlsəfəsi, fizika fəlsəfəsi və biologiya fəlsəfəsi tədqiqat sahələridir.

 

ENİS DOKO: Orta təhsili müddətində riyaziyyat üzrə müxtəlif yerli və beynəlxalq dərəcəli olimpiadalarda mükafatlara layiq görülmüşdür. Qəbul imtahanında Makedoniya birincisi olmuşdur. Türkiyə universitetlərinə əcnəbi tələbələrin qəbul imtahanı olan YÖS də ikincilik qazanmış və ODTÜ Universitetinin xüsusi istedadlı tələbələr üçün təşkil etdiyi “təkmilləşdirilmiş fizika proqramı” üzrə təhsil almışdır. Bir müddət elektrik və elektronika mühəndisliyi fakultəsində təhsil alsa da kainatı və həyatı anlamaq səyləri onu fəlsəfəyə yönəltmişdir. ODTÜ-də fizika bölməsi və fəlsəfə bölməsi olmaqla iki fakultədən məzun olmuşdur. Hal hazırda Koç universitetində nəzəri fizika sahəsində doktorantura tədqiqatlarını davam etdirir. Elm fəlsəfəsi, din fəlsəfəsi, elm-din münasibətləri, kvant nəzəriyyəsi, çox hissəcikli kvant sistemləri əsas tədqiqat sahələridir. 

 

LEYN KREYQ VİLLİAM: Təhsilini İllinoisdə Vhiton kollecində başa vurmuşdur. Trinity Evangelikal məktəbində əvvəlcə din fəlsəfəsi, sonra kilsə tarixi üzrə məzun olmuşdur. İlk doktorluq dərəcəsi Birminqam Univeristeti fəlsəfə bölməsində, ikinci doktorluq dərəcəsini Münih Universitetində teologiya bölməsində başa vurmuşdur. Louvain Universitetində “qonaq elmi işçi” kimi fəaliyyət göstərmişdir. Hal hazırda Kaliforniyadakı Talbot Skul of Teology`də akademik fəaliyyətinə davam edir. Bir çox kitabları və yüzdən çox məqaləsi ilə olduqca məhsuldar bir filosofdur. Xüsusilə univeristet kampuslarında çox məşhur ateistlərlə apardığı müzakirələrlə məşhurlaşmışdır. Elm fəlsəfəsi, din fəlsəfəsi, zaman fəlsəfəsi, fizika fəlsəfəsi, elm-din münasibətləri əsas tədqiqat sahələridir.

 

ALVİN PLANTİNQA: Bakalavr təhsilini Kalvin kollecində fəlsəfə üzrə tamamlamışdır. Magistr dərəcəsini Miçiqan Univeristetində, doktorluq dərəcəsini isə Yel Universitetində müdafiə etmişdir. Harvard Universiteti, Yel Universiteti, Notr-Dam Universiteti, Çikaqo Universiteti, Arizona Universiteti, UKLA Universiteti, Sirakuz Universiteti mühazirə verdiyi və elmi fəaliyyətlə məşğul olduğu təhsil ocaqlarının bir hissəsidir. Notr-Dam universitetindən təqaüdə çıxmışdır. Buna baxmayaraq akademik fəaliyyətinə davam edir. Olduqca nüfuzlu xristian filosoflarındandır. Təqdim etdiyi bir çox mülahizə fəlsəfədə qızğın müzakirələrə səbəb olmuşdur. Onun ideyalarına qoşulmayan filosoflar belə tərəfsiz qalmamış və cavab verməyə məcbur qalmışdır. Din fəlsəfəsi, elm fəlsəfəsi, elm-din münasibətləri, əxlaq fəlsəfəsi, zehn fəlsəfəsi və məntiq əsas tədqiqat sahələridir.


RİÇARD SVİNBÖRN: Bakalavr təhsilini Oksford Universitetinin Siyasət, Fəlsəfə və İqtisadiyyat bölməsində bitirmişdir. Fəlsəfə üzrə B.fil dərəcəsini də həmçinin Oksford Universitetində almışdır. Həmçinin Oksford Universitetində teologiya bölməsində də məzun olmuşdur. Lids Universitetində elm tarixi və fəlsəfəsi sahəsində akademik fəaliyyəti olmuşdur. Marilend Universiteti, Yel Universiteti, Kil Universiteti, Liverpul Universiteti, Sirakuz Universiteti, Birminqem Universiteti, Roma Universiteti mühazirə verdiyi və akademik fəaliyyətlə məşğul olduğu təhsil müəssisələrindən bəziləridir. Uzun müddət fəlsəfə müəllimi kimi fəliyyət göstərdiyi Oksford universitetindən təqaüdə çıxmışdır. Buna baxmayaraq hələ də Oksford şəhərində akademik fəaliyyətinə davam edir. Ötüb keçdiyimiz əsrin ən nüfuzlu filosoflarından biridir. Analitik fəlsəfə ənənələri çərçivəsində hərəkət edərək teizmin nəzəriyyələrini müdafiə etmişdir. Din fəlsəfəsi, elm fəlsəfəsi, elm-din münasibətləri, əxlaq fəlsəfəsi, zaman fəlsəfəsi, zehn fəlsəfəsi əsas tədqiqat sahələridir.

Sifariş et
Paylaş:
Alvin Plantinqa
Müəllif: Alvin Plantinqa

Müasir dövrün ən nüfuzlu analitik fəlsəfə nümayəndələrindən biridir və xüsusilə din fəlsəfəsi sahəsindəki işləri ilə tanınır. O, kalvinizm ənənəsinə bağlı xristian filosofudur və Tanrının varlığı, idrak nəzəriyyəsi (epistemologiya)şər problemi kimi mövzuları fəlsəfi cəhətdən müdafiə etmişdir. “Reformist epistemologiya” adlı yanaşmanın əsas qurucularından biri sayılır və bu yanaşmada dini inancın rasional əsaslandırmaya ehtiyac olmadan da bilik kimi qəbul edilə biləcəyi müdafiə olunur. Onun əsas araşdırma sahələri din fəlsəfəsi, metafizika, epistemologiya və təkamül ilə teizm arasındakı münasibətlərdir.

Karyerası ərzində "Templeton Prize" (2017) kimi nüfuzlu mükafatlara layiq görülmüş və analitik fəlsəfəyə böyük təsir göstərmişdir. O, xüsusilə “God and Other Minds”, “Warranted Christian Belief” kimi əsərləri ilə çağdaş teist fəlsəfənin ən önəmli simalarından biri hesab olunur.

"Azadlıq, şər və Tanrı""Elm və din: uyğunluq varmı?" (Dennetlə debat) kitabları nəşriyyatımız tərəfindən azərbaycancaya tərcümə edilib və nəşr edilib.